16 noyabr 2018 23:33
2452

Avstraliya dünya üzrə birinci olacaq

Avstraliyada son vaxtlar yeni ofşor qaz yataqlarının istismara verilməsi ölkənin dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixrac edən ölkələri sırasında birinci olmasına səbəb olacaq.

“EnergyQuest” enerji məlumatları şirkəti bəyan edib ki, Avstraliya dünya üzrə ən böyük qaz ixracatçısı olmaq astanasındadır. Avstraliyada iri “ Wheatstone” və “Gorgon” layihələrinin ardından “Inpex” şirkətinin “Ichthys” ofşor qaz layihəsini işə salması ölkənin qaz hasilatının olduqca yüksəlməsinə səbəb olub.

Oktyabr ayında Avstraliyanın ümumi mayeləşdirilmiş təbii qaz ixracı sentyabr ayı ilə müqayisədə 10,3 % yüksək olub və 6,4 milyon ton təşkil edib.

“Ichthys” layihəsindən sonra hasilatın artması onu göstərir ki, Avstraliya tezliklə illik hasilat göstəricilərinə görə dünya üzrə birinci olan Qətəri qabaqlayacaq”,-deyə “EnergyQuest”in baş icraçı direktoru Graem Betuni bildirib.

Xatırladaq ki, Avstraliya Çinin ən böyük mayeləşdirilmiş təbii qaz təminatçısıdır. Çinə daşınan qazın 43 %-i Avstraliyadan gəlir.