Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti prioritet olaraq davam etdirilir. Bir neçə ildir ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bu siyasət özünün müsbət bəhrəsini verməkdədir.
Ölkə iqtisadiyyatında neft-qaz sənayesinin payının azaldılması istiqamətində aparılan işlər nəticəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafı geniş vüsət alıb. Bu sahədə ixrac potensialının artırılması, müasir standartlara cavab verən məhsulların istehsalı və dünya bazarlarına çıxarılması istiqamətində atılan addımların konkret bəhrəsi göz önündədir. Son bir neçə ildə Azərbaycan məhsullarının ixracatında ciddi şəkildə keyfiyyət və kəmiyyət dəyişikliyi baş verib.
İxrac siyasətində “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi xüsusi əhəmiyyətə malikdir. Xartırladaq ki, bu ticarət brendinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Dövlət başçısı hələ 2016-cı il oktyabrın 5-də “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və tanıdılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinin həyata keçirilməsi istiqamətində tədbirlər görülməsi planlaşdırılıb. O cümlədən “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması təsdiq edilib.
Son iki ildə sözügedən Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlər “Made in Azerbaijan” brendinin dünyada tanıdılmasında bğyük uğurların qazanılmasına rəvac verib. Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən tədbirlər ixrac potensialının xeyli artımına təkan verib. Bir sıra ölkələrdə “Made in Azerbaijan” brendinin tanıdılması məqsədilə böyük sərgilər keçirilib. Belə böyük sərgilərdən biri 2018-ci ilin fevral ayında Rusiyanın paytaxtı Moskva şəhərində təşkil edilib. “Made in Azerbaijan” brendinin baş sponsorluğu ilə keçirilən “Prodexpo 2018” 25-ci Beynəlxalq Ərzaq, İçki və Xammal Sərgisində dünyanın 63 ölkəsindən 2 mindən çox şirkətin, o cümlədən Azərbaycan şirkətlərinin məhsulları nümayiş olunub.
Həyata keçirilən işlərin uğurlu nəticələri rəsmi hesabatlarda açıqlanan statistik rəqəmlərdə daha dolğun təzahür edir. Belə ki, Gömrük Komitəsinin hesabatına görə, 2018-ci ilin doqquz ayı ərzində Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsi ilə ticarət əməliyyatları həyata keçiriblər. Azərbaycan 102 ölkəyə məhsul ixrac edilib, 168 ölkədən isə idxal olunub. 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 23 milyard 159,4 milyon ABŞ dolları təşkil edib. Onun 15 milyard 254,2 milyon dolları ixrac, 7 milyard 905,2 milyon dolları isə idaxal məhsullarına aiddir. Nəticədə doqquz ay ərzində Azərbaycan iqtisadiyyatında 7 milyard 349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Azərbaycanın ixrac məhsullarının yayılma coğrafiyası da maraqlıdır. Baxmayaraq ki, ölkəmizin ən böyük həcmli iqtisadi partnyorları Rusiya, Türkiyə kimi qonşu dövlətlərdir, lakin ixracda ilk yeri Avropa İttifaqının üzvü olan İtaliya tutur. Belə ki, ixrac məhsullarının 26,9 faizlik həcmi ilə bu ölkə siyahıya liderlik edir. Sonrakı yerləri 8,8 faizlə Türkiyə, 7,0 faizlə İsrail, 5,2 faizlə Hindistan, 4,7 faizlə Çexiya, 4,4 faizi Almaniya, 3,9 faizlə Tayvan, 3,8 faizlə İndoneziya, 3,6 faizlə Kanada, 3,3 faizlə Portuqaliya, 3,1 faizlə Rusiya, hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstan, 2,3 faizlə İspaniya, qalan 17,6 faizlə isə digər ölkələr tutur.
Onu da xüsusi qeyd etmək lazımdır ki, göstərilən hesabat dövründə 1 milyard 207,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 12,9 faiz çoxdur.
Noyabrın 14-də İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən mətbuat konfransında verilən məlumatlardan bəlli olur ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərin miqyası xeyli genişlənib. Bildirilib ki, 4-8 noyabr tarixlərində Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddə qida və kənd təsərrüfatı məhsulları nümayiş olunub. Çinin bir sıra şirkətləri ilə əməkdaşlıq barədə razılıqlar əldə edilib.
Bundan başqa, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Monqolustanın Ulan-Bator şəhərinə, Türkiyənin İstanbul şəhərinə, Bolqarıstanın Sofiya şəhərinə ixrac missiyaları təşkil edilib və çoxsaylı ticarət razılaşmaları əldə edilib.
Hazırda “Made in Azerbaijan” brendi beynəlxalq səviyyədə böyük nüfuz qazanan brendlərdən birinə çevrilməkdədir.
Taleh Turqut, “İki sahil”