22 noyabr 2018 14:08
2467

Qələbələrlə zəngin 26 illik şərəfli tarix

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü ilə əlaqədar olaraq YAP Binəqədi rayon təşkilatında tədbir keçirildi. Tədbir ştirakçıları öncə partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının və rayon təşkilatının fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlandı.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov partiyanın yaradılmasının müstəqil Azərbaycan tarixində mühüm bir hadisə olduğunu bildirdi: “YAP-ın yaradılması tarixi zərurət idi. Partiyamızın yaranmasının 26-cı ildönümü əlamətdar bir ilə təsadüf edir. Biz bu il Azərbaycan dövlətçiliyinin tarixində çox mühüm bir dövr olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edirik. Bu il, eyni zamanda, ölkəmizin həyatında çox mühüm hadisə olan prezident seçkiləri ili oldu. Azad, şəffaf, demokratik şəraitdə seçkilər keçirildi və  seçicilər axın-axın seçki məntəqələrinə gələrək  öz namizədlərinə səs verdilər. Bu seçkilərdə səsvermə hüququ olan əhalinin  mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədinə, Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verdi. Bu qələbənin kökündə isə məhz ümummilli liderimiz Heydər Əliyevin ideyaları, onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt, inkişaf strategiyası dayanırdı.”

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirdi ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci ilin 21 noyabrı respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıcı sayılır: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan partiyanın 26 illik inkişaf tarixi göstərdi ki, onu yaradanlar, bu partiyanın təməl daşını qoyanlar müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan YAP-ın möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”.

YAP Siyasi  Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında qeyd etdi ki, təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün xalqın partiyasına çevrilərək, ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə yaddaşlara yazılıb: “Şübhəsiz ki, bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 725 minə yaxın insanı sıralarında birləşdirən partiya dünya təcrübəsində analoqu olmayan uğura imza ataraq yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrilib. Sevindirici haldır ki, həmin gündən indiyə kimi fəaliyyətini uğurla davam etdirir, 26 illik tarixini qələbələr və uğurlarla zənginləşdirir”.

Sonra Millli Məclisin deputatı Kamaləddin Qafarov YAP-ın yaranmasından və 15 ilə yaxın bir müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar barədə ətraflı danışdı: “Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən zaman ərzində irimiqyaslı beynəlxalq layihələrə imza atıb. Hansı ki, bu layihələr ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, dövlətimizin iqtisadi qüdrətinin və vətəndaşlarımızın sosial durumunun daha da yaxşılaşdırılmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən beynəlxalq layihələr, humanitar forumlar, sivilizasiyalar və dinlər arası dialoqlar, beynəlxalq idman yarışları Azərbaycanın nüfuzunu durmadan artırır.”

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev diqqətə çatdırdı ki, ümummilli liderimiz Heydər Əliyevin zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi kimi yadda qalıb: “İndi hər kəsə aydındır ki, o zaman bu partiya yaranmasaydı, ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi yəqin ki, ölkəmiz indiki kimi olmayacaqdı. 26 ildir ki, Yeni Azərbaycan Partiyası inkişaf yolumuza məşəl tutaraq ölkəmizi uğurlara aparmaqdadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmiz regionda güc amilinə, Avropada və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Bütün bu uğurların əldə edilməsində sözsüz ki, Cənubi Qafqazın ən nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının öz yeri, payı var”.

Çıxışlardan sonra YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalı fəxri fərmanla təltif edildi, YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə isə üzvlük vəsiqəsi təqdim edildi.

Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Binəqədi rayonunun istedadlı gənclərinin ifasında YAP-a və vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılar, şeirlər səsləndirildi.

Taleh Bağırov,
Vüsal Cahanov (foto), “İki sahil”