14 may 2024 10:53
989

Şuşanın dirçəldilməsi geniş vüsət alıb

Xoşbəxtəm ki, Biz öz vətənimizə, doğma Qarabağımıza qayıtdıq! Qarabağımızın tacı olan Şuşaya qayıtdıq! Bu torpaqlarda əbədi yaşayacayıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
İlham Əliyev

Məqaləmə Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Respublikası Ali Baş Komandanının  fikirləri ilə başlamaq istədim,çünki Ali baş Komandanın inamlı çıxışları millətini bir yumuruq kimi birləşməyəyə vadar etdi.  Bu tarixi yaşadığım,gördüyüm üçün qürurluyam.

Cəmi 44 günə bütün dünyaya türkün gücünü sübut etdik. 27 sentyabr Adi günlərdən biri kimi görünən, lakin tarixə yazılan bir gün xatırlayıram ki,günəş al şəfəqlərini yaymışdı bütün Azərbaycan torpaqlarına.Sanki yaradan da bu haqq yolunda bizə inam hissini aşılamaq istəyirdi.Məqsədimiz bəlli idi. Torpaqlarımızı azad etmək.

İşğal altında olan torpalarımızın azad edilməsinin ən başlıca səbəbi Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası idi. Bu straregiya  Prezident- xalq birliyi idi.Bunun üçün sizə borcluyuq,cənab Ali Baş Komandan! Ruhunuz qarşısında baş əyirik,Vətənin qeyrətli oğulları! Sizə minnətdarıq Qazilərimiz!

-"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir! Qarabağ bizimdir! 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarix qələbəni döyüş meydanında qazandıq. 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq! Bu tarix əbədi yaşayacaq! Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox!"

Bu gün Zəfər bayrağımız Qarabağımızda, Şuşada məğrur-məğrur dalğalanır. Rahat uyu, Xanqızı, rahat uyu, Pənahəli xan, rahat uyuyun... Qarabağın yüzlərlə övladı və siz də rahat uyuyun, "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə,  Azərbaycan yoxdur” deyən ulu öndərimiz. Dahi lider ocağının yetirməsi, xalqın güvən yeri, Ali Baş Komandanımızın başçılığı altında biz Şuşanı azad etdik, Biz Şuşaya qayıtdıq!

Prezident sakinlərlə görüş zamanı Şuşada baş tutan quruculuq işləri, təmir edilən qədim memarlıq abidələri, sakinlər üçün tikilən yeni yaşayış kompleksləri, geniş infrastruktur layihələri haqqında sakinləri və mətbuatı məlumatlandırmışdı.

“Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”.

Şuşada yeni yaşayış massivlərinin sayı artırılır. Elə həmin gün Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin və Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bununla bağlı dövlətimizin başçısı öz sevincini yerli sakinlərlə görüşdə bölüşüb: “Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur.

Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Vaqifin məqbərəsi yenidən quruldu.Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu, ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Gördüyümüz kimi bu gün Qarabağda qısa müddət ərzində bir çox işlər görülüb və bu planlı şəkildə davam edir. Əsas məqsəd sakinlərin tezliklə öz yurdlarına qayıtmasıdır.

 Şuşaya qayıdan sakinlərlə görüşən cənab Prezident demişdir: “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.

Məhəmməd Babayev,
Humanitar fənlər təmayüllü məktəb-liseyin laborantı,
YAP Xətai rayon təşkilatının üzvü