22 noyabr 2018 19:08
2594

YAP ölkəmizin avanqard siyasi qüvvəsidir

Azərbaycan xalqının arzu və istəklərindən yaranan YAP ölkəmizin avanqard siyasi qüvvəsidir

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov YAP-ın yaranma tarixindən, 1990-cı illərdə baş verən siyasi proseslərdən, ölkədə hökm sürən hərc-mərclikdən danışaraq Ulu Öndərin, son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürdüyünü, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu diqqətə çatdırıb.

O, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşmasının, yüz minlərlə vicdanlı və əqidəli insanın YAP-ın sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin misilsiz qüdrətindən xəbər verdiyini qeyd edib. Ramiz Hüseynov ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

YAP Sumqayıt şəhər təşkilatının veteranı Əvəz Lələdağ, YAP Sumqayıt şəhər təşkilatı sədrinin ideoloji işlər üzrə müavini, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Şirxan Səlimov və digərləri partiyanın tarixi zərurətdən, sosial sifarişdən yaranmasından və ağır ictimai-siyasi proseslərdən şərəflə çıxmasından, ötən illərdə qazanılan uğurlardan söhbət açıblar. Qeyd edilib ki, Azərbaycan xalqının arzu və istəklərindən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsidir.

Sonda bir qrup partiya fəalı fəxri fərmanlarla təltif edilib, YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.