Gədəbəy rayonunun 4 yaşayış məntəqəsinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb.
Noyabrın 22-də Gədəbəy rayonunun Sonalar, Hacılar, Mormor və Cücanlı kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 222 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 33 min 683 metr müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Bundan əlavə, Gədəbəyin Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə, eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Həmin bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.
Sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.