22 noyabr 2018 22:50
3822

Ölümsüzləşmək, əbədiyyətə qovuşmaq...

Nə qədər ömür sürsək də, yenə doymaq olmur bu həyatdan. Doğrudan da yaşamaq gözəldir. Yaxşısına, pisinə, sevincinə, kədərinə, hər şeyinə rəğmən həyat gözəldir. Doğmaların, dostların əhatəsində olmaq, onlarla sevinib, onlarla ağlamaq, həyatı doya-doya yaşamaq, yenə yaşamaq... Təbii ki, bu hər kəsin istədiyi, arzuladığı bir şeydir. Ancaq var olmaqla yanaşı, sıradan biri kimi yox, yaradıcı, xoş niyyət və əməl sahibi kimi hörmət qazanmaq, bu dünya və ölümündən sonra yaddaşlarda qalmaq, ürəklərdə, xatirələrdə yaşamaq hər kəsə nəsib olmur məncə. Bax, budur ən gözəl olan. Unudulmamaq, hər zaman xatırlanmaq. Elə bu zaman insan ölümsüzləşir, əbədiyyətə qovuşur...

Zaman-zaman mənim də qarşıma belə insanlar çıxıb. Həyat təcrübəmin zənginləşməsində, insanlara, dünyaya olan baxışımın formalaşmasında bir çox amillər kimi, müəyyən mənada onların da rolu olub. Doğrudan da öyrənəcəyimiz çox şey var belə insanlardan. Bu gün haqqında söhbət açacağım, uzun illər bir kollektivdə çalışdığım, böyük hörmət bəslədiyim, bu gün cismən aramızda olmasa da, hər zaman qəlbimizdə yaşayan Rizvan Abasovdur. Azərbaycan Respublikasının Əməkdar mühəndisi Rizvan Abasov...

Onun zəngin həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir. Qısaca olaraq nəzər salsaq, bunun şahidi olarıq. Rizvan Fərman oğlu Abasov 23 noyabr 1958-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 1965-1976-cı illərdə Ağalıkənd orta məktəbində təhsil alıb. 1977-1979-cu illərdə Sverdlovsk vilayətində daxili qoşun hissəsində hərbi xidmətdə olub. 1980-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olub və oranı 1986-cı ildə mühəndis-hidrotexnik ixtisası ilə bitirib.

1986-cı ildən “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı tikinti qurşdırma idarəsində işə başlayıb və 1997-ci ilədək quraşdırıcı, usta, iş icraçısı, sahə rəisi vəzifələrində işləyib. 1997-2003-cü illərdə “Xəzərdənizneftqaztikinti” Trestinin istehsalat şöbəsinin rəisi, baş mühəndisin müavini və 2003-cü ildən 2007-ci ilədək trestin baş mühəndisi və müdiri vəzifələrində işləyib.

2007-ci ilin mart ayından ömrünün sonunadək SOCAR-ın “Neftqaztikinti” Trestinin müdiri vəzifəsində çalışıb. O, bir sıra elmi-tədqiqat islərinin yerinə yetirilməsində yaxından iştirak edib. 2 elmi əsərin müəllifidir.

Dövlət əhəmiyyətli “Bakı-Supsa” neft kəmərinin, “Çıraq-Səngəçal” sualtı qazsaxlama anbarı, Dübəndi xam neftin yığılması, hazırlanması, nəqli mərkəzi məntəqəsi, kompressor stansiyası “Azərtrans” Terminalı və Səngəçal Terminalı arası birləşdirici boru kəmərlərinin və boruların təmizlənməsi stansiyası, “Saquramo-Qırmızı körpü” magistral qaz kəmərinin Qardabani-Navtludi sahəsində bərpa işlərinin aparılmasında və digər obyektlərin tikintisində fəal iştirak edib. Son zamanlar onun rəhbərliyi ilə respublikada qeyd olunan obyektlərin dünya standartlarına uyğunlaşdırılması üçün yeni texnologiyaların gətirilməsini təmin edib.

Rizvan müəllim ailəli idi, 3 övladı var. Təəssüf ki, 2010-cu il sentyabrin 3-dən 4-nə keçən gecə avtomobil qəzası nəticəsində faciəli şəkildə həlak olub.

Rizvan müəllim işlədiyi kollektivdə böyük hörmət qazanmışdı. Tanıyan hər kəs onun nə qədər qayğıkeş, mehriban, təvazökar bir insan olduğunu bilirdi. O, Dövlət Neft Şirkətinin ən bacarıqlı kadrlarından biri kimi xüsusilə olaraq seçilirdi. Azərbaycanın neft-qaz sənayesinin inkişafı istiqamətində böyük layihələrin reallaşmasında onun da payı var idi. İşinə məsuliyyətli, özünə qarşı tələbkar, insanlara qarşı səmimi, kifayət qədər mədəni olan Rizvan müəllim rəhbərliyin qarşıya qoyduğu bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi. Onun mükəmməl təşkilatçılıq qabiliyyəti, içindəki bitib-tükənməz həyat eşqi bütün çətinliklərin öhtəsindən gəlməyə kömək edirdi.

Rizvan Abasov bacarıqlı təşkilatçı olmaqla yanaşı, alim kimi də tanınırdı. O, bir sıra elmi-tədqiqat işlərinin yerinə yetirilməsində yaxından iştirak edib. Bax bu idi onu başqalarında fərqləndirən cəhət.  Daha çox iş görmək, özünü bir çox sahədə sınamaq və təbii ki, uğur qazanmaq...   

Xalq şairimiz Bəxtiyar Vahabzadə demişkən, bilmirəm, bilmirəm bu ölüm nədir, həyat var ikən?...

Yox, bu Allah üsyan deyil, sadəcə doğma, əziz olan bir insanın ölümünü, yoxluğunu qəbul edə bilməməkdir. Aylar, illər keçsə belə... ölüm haqdır, bilirəm. Ancaq vaxtıdan tez gələndə onu qəbul etmək və öyrəşmək çox çətin, hətta mümkünsüz olur. Fikirləşirsən ki, hələ tez idi,  yaşamaq, yaratmaq lazım idi. Təəssüf ki, əldən heç nə gəlmir, yalnız xatirələri yada salıb düşünmək qalır bizə... Biz də bu gün Rizvan müəllimi xoş xatirələrlə yada salıb, ehtiramla yad edirik. Qeyd etdiyimiz kimi, ən gözəl olan da elə budur. Yaddaşlarda qalmaq, ürəklərdə, xatirələrdə yaşamaq, unudulmamaq, hər zaman xatırlanmaq, ölümsüzləşmək, əbədiyyətə qovuşmaq...

Fuad Süleymanov,
SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi