Prezident İlham Əliyev Türkmənistana rəsmi səfəri çərçivəsində mühüm danışıqlar aparıb və qonşu ölkə ilə qarşılıqlı maraq kəsb edən sahələrə dair sənədlər imzalanıb. Dövlət başçısı İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Məlum olduğu kimi, Türkmənistan “Transxəzər” adlanan layihə vasitəsilə öz təbii ehtiyatlarını Avropa bazarına çıxarmağı planlaşdırır. Bir sıra analitiklər iddia edirlər ki, cənab İlham Əliyevin Türkmənistan səfərindən sonra həmin layihənin reallaşması istiqamətində mühüm razılıq əldə oluna bilər. Bu baxımdan dövlət başçısı İlham Əliyevin bu səfəri “Transxəzər” layihəsinin ərsəyə gəlməsi üçün mühüm şanslar açır.
Türkmənistan zəngin qaz ehtiyatlarına malik olan ölkədir. Təbii ki, bu ölkə məhsullarını dünya bazarlarına çıxarıb satmaqda maraqlıdır. Xüsusilə də Avropa bazarına daha çox meyil edirlər. Bir Mərkəzi Asiya ölkəsinin belə imkanı əldə etməsi isə o qədər də asan deyil. Amma Azərbaycanın ərsəyə gətirdiyi meqalayihələr bunu mümkün edə bilər. Bu baxımdan Türkmənistanın “Transxəzər”lə bağlı cəhdləri son vaxtlar daha da güclənib. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi sayəsində qaz kəmərinin çəkilməsinin zəruri hüquqi bazası yaradılıb. İndi bu qaz kəmərinin çəkilməsi üçün yalnız layihənin iştirakçı tərəflərinin razılığı və yüksək beynəlxalq standartlara cavab verən ekoloji ekspertiza tələb olunur.
“Transxəzər” qaz kəməri layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazının ən azı 30 il müddətinə Avropa bazarlarına tədarükünü nəzərdə tutur. “Transxəzər” qaz kəmərinin çəkilməsi həm də Azərbaycan-Türkmənistan münasibətlərinin daha da yaxınlaşmasına səbəb olacaq. Bu layihənin baş tutması rəsmi Aşqabad üçün çox vacibdir.
Bu yaxınlarda Əbu-Dabidə keçirilən Beynəlxalq Neft-Qaz Konfransında Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yaxşıgəldi Kakayev bəyan edib ki, onlar Avropa istiqamətində ixrac marşrutlarını nəzərdən keçirirlər. Bu məsələ ilə bağlı Avropa Komissiyası və tranzit ölkələrlə fəal danışıqlar aparırlar. Xatırladaq ki, Türkmənistan “Transxəzər” qaz kəmərinin tikintisi və türkmən qazının “Cənub Qaz Dəhlizi” ilə Avropaya tədarükü məsələləri ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə müzakirələr aparır.
Türkiyə də bəyan edir ki, türkmən qazının Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə dünya bazarlarına çatdırılması məsələləri müzakirə edilib və onlar buna razıdırlar. TANAP 2018-ci il iyunun 12-də istifadəyə verilib. TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə təbii qazın nəqli həyata keçirilir. Daha sonra mavi yanacaq TAP boru kəməri ilə Cənubi Avropa ölkələrinə çatdırılacaq. Avropaya ilk qaz tədarükünün 2020-ci ildə reallaşacağı planlaşdırılıb. Türkmənistanın bu boru kəmərlərinə qoşulması üçün Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirən “Transxəzər” qaz kəmərinin tikintisi artıq zərurətə çevrilib.
Cavid Əkbərov, “İki sahil”