05 dekabr 2018 21:59
2782

Xarici neft-qaz şirkətlərində işçi heyətinin 90 faizini milli kadrlar təşkil edəcək

Dekabrın 5-də Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısı keçirildi. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “BP Eksploreyşn”in prezidenti Qari Couns və digər rəsmi şəxslər iştirak edirdilər.

Toplantı iştirakçıları əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmini izlədilər.

2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də neft-qaz sektoru üzrə bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Ötən dövr ərzində SOCAR Azərbaycan Respublikasının dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində neft-qaz sektoru kontingentinin milliləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət aparıb, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycanda hazırlanmasını əsas hədəf götürüb. Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələli şəkildə milli kadrlarla əvəzlənməsi üçün təlim-tədris istiqamətində kurslar və təlimlər təşkil olunub. Bakı Ali Neft Məktəbi, habelə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi məqsədi ilə beynəlxalq standartlara cavab verən beş Təlim Mərkəzi yaradılıb. Milliləşdirmə Proqramı qəbul edilmiş prosedur qaydalara və layihələrə uyğun həyata keçirilməkdədir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirdi ki, neft və qaz hasil edən dünya ölkələri arasında layiqli yerini tutan Azərbaycan artıq beynəlxalq enerji bazarlarında rəqabətədavamlı mövqeyə malikdir: “Bu, xarici şirkətlərlə uğurlu əməkdaşlığın bariz nəticələrindən biridir. Azərbaycanda ideal investisiya mühitinin yaradılması beynəlxalq miqyasda etiraf olunan həqiqətdir. Bu gün neft-qaz sektorunda Milliləşdirmə Proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış möhtərəm Prezidentimiz qarşısında məruzə edirik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülən işlər artıq öz bəhrələrini verib. Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə “BP Eksploreyşn” şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir.”

R.Abdullayev vurğuladı ki, neft kapitalının insan kapitalına transformasiya olunması haqqında konsepsiyaya uyğun, yüksək ixtisaslı gənc neftçilərin yetişdirilməsi, kadr resurslarının cavanlaşdırılması və yerli əmək bazarında müasir tələblər səviyyəsində olan mütəxəssislərin hazırlanması üçün məqsədyönlü işlər aparılır: “Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda Bakı Ali Neft Məktəbinin yaradılmasını xüsusi qeyd etmək istəyirəm. Beynəlxalq standartlara uyğun yaradılmış bu ali məktəb Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq şəraitində çalışır. Məzunlara hər iki ali məktəbin diplomu verilir. Artıq ikinci buraxılışdan sonra da məzunlar 100% işlə təmin olunublar”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns: “Biz Azərbaycan Hökuməti, SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik.”

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğunu bildirdi, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağını vurğuladı.

Qeyd edək ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, 14 noyabr 2013-cü il tarixində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin operatoru olan BP şirkəti ilə SOCAR arasında 5 illik (2014-2018) “Milliləşdirmə sahəsində əməkdaşlığa dair” protokol, daha sonra milliləşdirmə istiqamətində işlərin daha səmərəli aparılması üçün 11 fevral 2014-cü il tarixində SOCAR və ƏƏSMN arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Milliləşdirmə sahəsindəki işlərin effektivliyinin artırılması üçün təkliflərin hazırlanması və bu sahədəki işlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli 124 nömrəli qərarı ilə SOCAR əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə Komissiyaya üzv qəbul edilib.

“BP Azərbaycan” şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58%, 2013-cü ildə 77%, 2017-ci ildə 89%, 2018-ci ilin sonuna isə 90% təşkil edir.

Azərbaycanın neft və qaz sənayesinin ən böyük yeni layihəsi olan “Şahdəniz-2”-nin hazırkı mərhələsi üzrə milliləşdirmə hədəfinin mühəndis-texniki işçilər üçün 30-50%, fəhlə heyəti üçün 70% olmasına baxmayaraq, qeyd olunan layihə çərçivəsində ümumi işçi heyətinin 91%-i yerli kadrlardan komplektləşdirilib.

BP-nin tərkibində Azərbaycanın dəniz və qurudakı yataqlarında 1150 milli mütəxəssis çalışır, onlardan 350 yüksək vəzifəli rəhbər işçi, 510 orta vəzifəli rəhbər işçi, 500 qadın milli kadr, 200 qadın yüksək və orta vəzifəli rəhbər işçi kimi fəaliyyət göstərir. BP-nin Azərbaycanda “Challenge” proqramı çərçivəsində işə götürdüyü 300 nəfərin hər biri Azərbaycan vətəndaşıdır.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”