07 dekabr 2018 17:08
2647

Şəkinin daha bir kəndinə təbii qaz verilib

Şəki rayonunun Çayqaraqoyunlu kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə dekabrın 7-də Şəki rayonunun Çayqaraqoyunlu kəndinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, ümumilikdə 412 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 759 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

İctimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.