07 dekabr 2018 19:43
2431

“Azəriqaz” Bilgəhdə səyyar formada xidmətlər göstərəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Bilgəhdə səyyar formada xidmətlər göstərəcək.

İB-dən bildirilib ki, dekabrın 8-29-da səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək. (ünvan: Azərbaycan qadını 65A, Bilgəh icra nümayəndəliyi)

Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. Vətəndaşlar bu layihə çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən “Azəriqaz” tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda bölgələr üzrə xidmətlər göstərməyə başlanılıb.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.