SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində neft-qaz istehsalat obyektlərində çalışan texniki heyətin peşə hazırlığını təkmilləşdirmək məqsədilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) növbəti uğura imza atıb. Belə ki, 1878-ci ildə Böyük Britaniyada əsası qoyulmuş, dünyanın 6 regionunda (Avropa, Yaxın Şərq, Asiya, Sakit Okeanı, Afrika, Amerika) 100-dən çox ölkədə 1300 nəfərlik işçi heyətindən və 200 nəfərlik təlim məsləhətçi şəbəkəsindən ibarət olmaqla, 350-dən çox işəgötürəni öz ətrafında birləşdirən, sənayenin 28 sektorunda 600 ixtisas üzrə ildə təxminən 1000000 sertifikat təqdim edən və hazırkı dövrədək 10000-dən çox təlim mərkəzini akkreditasiya etmiş qlobal səviyyədə nüfuza malik “City & Guilds Group” Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən TTSİ-nin Qobustan Regional Təlim Mərkəzi akkreditasiya edilib. Eləcə də Mərkəzin tədris etdiyi 3 ixtisas (Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika) beynəlxalq təşkilat tərəfindən tanınıb.
Məlumat üçün bildiririk ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinin sözügedən qurum tərəfindən akkreditasiya edilməsi baxımından “City & Guilds Group” Kvalifikasiya qurumunun müvafiq direktiv tələbləri araşdırılıb, beynəlxalq təşkilatın tələb etdiyi izahat xarakterli sənədlər doldurulub və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim prosedurları əsaslandırılmış şəkildə tərtib olunaraq quruma təqdim edilib. İlkin mərhələdə (2018-ci il may-iyun ayları) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin işçi heyəti (təlimçi, qiymətləndirici, daxili yoxlayıcı), təlim prosedurları, metodiki qaydaları, qiymətləndirmə sistemi, habelə Qobustan Regional Təlim Mərkəzinin tədris fəaliyyəti haqqında məlumatlar və göstəricilər “City & Guilds Group” Kvalifikasiya qurumunun ekspertləri tərəfindən nəzərdən keçirildikdən sonra təqdim olunan sənədlərin uyğunluğu qurumun Keyfiyyət üzrə məsul rəhbəri tərəfindən təsdiq edilib. Növbəti mərhələdə (2018-ci il 23 noyabr) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində “City & Guilds Group” Kvalifikasiya qurumunun Kənar auditoru tərəfindən sahə auditinin uğurla başa çatdırılmasından sonra Qobustan Regional Təlim Mərkəzi 3 ixtisası tədris etmək üçün “City & Guilds Group” Kvalifikasiya qurumu tərəfindən akkreditasiya edilib.
Orxan Vahidoğlu, “İki sahil”