Dekabrın 15-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının hasilata başlanılmasının 12-ci ili tamam olur. Ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırıb. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağı kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.
2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Qeyd edək ki, indiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 97 milyard kubmetr təbii qaz hasil edilib. “BP Azerbaijan” şirkətinin məlumatına görə “Şahdəniz”dən hasilat başlanandan bəri ümumi hasilat qaz üçün 97 milyard standart kubmetrə və kondensat üçün 24 milyon tona çatıb. Cari ilin doqquz ayında “Şahdəniz” üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat və təqribən 1,14 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Üç rübdə “Şahdəniz” yatağından 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barrel) kondensat hasil edilib. Qeyd edək ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.
“Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur. Ekspert rəylərinə əsasən, hazırda “Şahdəniz”də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur. Yatağın işlənməsinin II mərhələsi uğurla davam etməkdədir. Bu layihənin həyata keçirilməsi Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanmışdır.
“Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi, başlanğıc nöqtəsi hesab edilir. Layihə üzrə ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur. Bu məqsədlə tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Tarixdə ilk dəfə olaraq, belə bir böyük layihə üzrə bütün əsas tikinti işləri Azərbaycanda və əsasən yerli mütəxəssislərin iştirakı ilə icra olunur. Böyük qürur hissi ilə deməliyik ki, “Şahdəniz” üçün tikilən yeni modullar, nəhəng platformaların dayaq blokları, bütövlükdə bütün tikinti-konstruksiya işləri məhz SOCAR-ın inşaat müəssisələrində həyata keçirilmişdir. Səngəçal terminalında “Şahdəniz-2” qazını qəbul etmək üçün BP tərəfindən aparılan genişləndirmə işləri də artıq başa çatıb. Hazırda hasilatın başlanması ilə çıxarılacaq əlavə qaz həcmlərini qəbul və emal etmək üçün yeni qurğuların istismar sınaqları davam etdirilir. “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin 2036-cı ildən 2048-ci ilədək uzadılması isə “Şahdəniz” yatağının dərin qatlarındakı ehtiyatların gələcəkdə mümkün işlənilməsi üçün yeni imkanlar açır.
Sevinc Azadi, “İki sahil”