18 dekabr 2018 21:08
1017

Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb

Gədəbəy rayonunun səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən ölkə başçısının tapşırığına uyğun olaraq qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşınmasına, hava şəraitinin qeyri-sabit və yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrində sayğac quraşdırma işləri aparılıb.

Dekabrın 18-də Gədəbəyin Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə, eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 64 min 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edir. Qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.