28 dekabr 2018 11:59
1914

SOCAR prezidentinin təbriki

SOCAR prezidentinin neftçilərə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

Əziz neftçilər! 

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş diləklərimi çatdırıram.

2018-ci il Azərbaycanın daha parlaq gələcək zəfərlərinə yol açan tarixi  hadisələrlə yadda qaldı. Xalqımız ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla irəliləyən davamlı sosial-iqtisadi inkişaf kursuna dərin inam və etimadını bir daha yekdilliklə ifadə etdi. Aprelin 11-də keçirilən prezident seçkilərində cənab Prezident İlham Əliyevin qətiyyətli qələbəsi bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək, yeni zirvələrə doğru inamla addımlayır. 

Fərəhlə qeyd edə bilərik ki, Azərbaycan xalqı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və 2019-cu ili möhkəm ictimai-siyasi sabitlik və böyük ruh yüksəkliyi şəraitində qarşılayır. Ulu öndər Heydər Əliyev milli-mənəvi birliyimizin rəmzi olan bu tarixi günü təsis etməklə, Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın milli köklərinə daha sıx bağlanmalarına misilsiz töhfə vermişdir.  

Əziz neftçilər! 

2018-ci ildə nəhəng enerji layihələrimiz gerçəkliyə qovuşdu, fədakar əməyiniz bəhrələrini verdi. Bakıda Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayacaq Cənub Qaz Dəhlizinin ilk hissəsinin rəsmi açılışı oldu. Türkiyədə bu layihənin əsas seqmentlərindən olan TANAP xətti uğurla start götürdü, iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin iqtisadiyyatını daha da  gücləndirəcək STAR emal zavodu, Azərbaycanda isə “SOCAR Polymer” kompleksinin yeni Polipropilen zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bitum qurğusu işə düşdü. Əminəm ki, neftçilər dövlətimizin dünya iqtisadiyyatına inamlı inteqrasiyasını təmin edən və Azərbaycana dərin beynəlxalq nüfuz və etimad qazandıran bu misilsiz nailiyyətlərdən ruhlanaraq, qarşıdan gələn Yeni ildə Vətənimizin və xalqımızın rifahı naminə daha da böyük əzmlə çalışacaq, yeni-yeni uğurlar qazanacaqlar. 

Əziz neftçilər!  

Sizi bir daha 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2019-cu ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, Yeni ilin Sizə və ailələrinizə daha böyük sevinc və uğurlar gətirməsini arzulayıram. 

Hörmətlə, 

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti