16 yanvar 2019 11:15
882

Xəzərin dərinliyində ikinci bir “Şahdəniz” layihəsi açmağa müvəffəq olacağıq

“İki sahil” internet televiziyasının efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişinin bugünkü qonağı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandır

- İlk olaraq ötən ildə neft sahəsində əldə edilən uğurlardan danışmaq istərdik. 2018-ci il bu mənada neft tarixində hansı əlamədar hadisələrlə yadda qaldı?

- Sözsüz ki, Azərbaycan neftinin uğurlarının təməlində 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” dayanır. “Əsrin müqaviləsi” çərçivəsində görülən böyük işlər ölkəmizin simasının dəyişilməsində mühüm rol oynadı. “Azəri-Çıraq-Günəşli” layihəsi ilə Azərbaycan özünün yeni neft erasını, strategiyasını yaratmış oldu. Bu nailiyyətlərin ardı isə “Cənub Qaz Dəhlizi” oldu.  2018-ci ildə “Cənub Qaz Dəhlizi” layihəsinin birinci hissəsinin açılışını təntənə ilə qeyd etdik. Ümumiyyətlə, beş il öncə, 2013-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyulanda bu hadisə bir çoxlarına absurd görünürdü. Heç kim Xəzəri birbaşa Avropa ilə birləşdirən 3500 km-lik bir infrastrukturun gerçəkləşməsini ağlına belə gətirmirdi. 5 il sonra, bu möhtəşəm layihənin birinci hissəsi həyata keçdi. Artıq 2020-ci ilin birinci rübünün sonuna qədər layihə tamamilə gerçəkləşəcək. Azərbaycan üçün ən böyük nailiyyətlərdən biri onun sərhədlərindən, hüdudlarından kənarda dünyaya səs salacaq magistral kəmərin operatoru olması oldu. Söhbət TANAP layihəsindən gedir. Hansı ki, uzunluğu 1850 km-dir. Bu layihə həqiqətən də Azərbaycanın həm uğuru, həm texniki nailiyyəti, həm də region və dünyada artan nüfuzunun göstəricisidir. Ümumilikdə, ötən il ölkənin neft-qaz strategiyasında qarşıya qoyulan məqsədlərə çatılması baxımından olduqca önəmli, vacib bir il oldu.

- İlham müəllim, cənab Prezident dəfələrlə qeyd edib ki, neftdən asılılığın minimuma endirilməsi, neftdən gələn gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi prioritetdir. Bu istiqamətdə hansı addımların şahidi olduq?

-Neftdən gələn gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı ötən il vacib addımlar atıldı. Sumqayıtda bir neçə zavodun istifadəyə verilməsinin timsalında bunu aydın şəkildə gördük. Bunlardan ən böyüyü “SOCAR Polymer” zavodunun işə düşməsi idi. Bu günlərdə artıq “SOCAR Karbamid” zavodu fəaliyyətinə başlayacaq. Bu zavodların fəaliyyəti ölkəyə valyuta axınına, xarici bazarlarda önəmli yer tutmasına gətirib çıxaracaq. Əgər Azərbaycan 90-cı illərin sonlarında xarici şirkətlərlə öz təmasını məhz xam neftin ixracı vasitəsilə həyata keçirirdisə, indi bura qaz, eləcə də bu xammallardan əldə edilən məhsullar, yaradılmış sənaye obyektlərinin emal müəssisələrinin onlara verdiyi polifabrikat nəticəsində idxal məhsullarından asılılığı aradan qaldırır. Beləliklə, valyutaya qənaət etmiş oluruq. Həmçinin o məhsullar həm region, həm dünya bazarlarına çıxarılmaqla ölkəyə əlavə valyuta gətirmiş olurlar. Kiçik bir misal göstərək. “SOCAR Polymer” və “SOCAR Karbamid” ölkəmiz üçün çox  əhəmiyyətlidir. Məsələn, Azərbaycan il ərzində mineral gübrələrin idxalına 100 milyon dollara yaxın pul xərcləyir. Təsəvvür edin ki, 2019-cu ildən SOCAR-ın Karbamid  zavodu istifadəyə veriləndən sonra artıq xaricdən mineral gübrələrin gətirilməsinə ehtiyac qalmayacaq. İkinci bir tərəfdən, Azərbaycan bazarı böyük bir bazar deyil. Əldə olunan məhsulun cəmi 30 faizi yerli bazarda satılacaq. 70 faiz məhsul isə xarici bazarlara gedəcək. Beləliklə, ölkənin xarici bazarlarda əlaqələri genişlənəcək. Bu isə 150-200 milyon dollar arası valyuta axını deməkdir. Söhbət ancaq bir zavoddan gedir. Görün 2018-ci ildə nə qədər yüksək əhəmiyyətli layihələr reallaşdırılıb. Bütün bunlar stabil xarakter daşıyan və ölkə iqtisadiyyatının davamlı inkişafını qoruyan layihələrdir.

- Xarici ticarət əlaqələrimizdə priorit et ölkələr hər il eyni qalır, yoxsa dəyişir? Dəyişiklik adətən hansı səbəblərdən olur?

-Ümumiyyətlə, xarici bazarlarda həmişə rəqabət olub. Yəni kapitalizm yaranandan indiyə qədər rəqabət olub. Rəqabətdə özünü heç vaxt boş buraxmamalısan. Əgər məhsulun keyfiyyətində, bazarın müəyyənləşdirilməsində, qiymət məsələsində nəyisə zamana buraxsan bazarlar əldən çıxacaq. Ona görə də  bu məsələləri ciddi rəqabətə davamlı şəkildə aparmaq lazımdır. Bazar əlaqələrinin daim aktiv olması məhsulu satanı ona sövq edir. Azərbaycanın xarici ticarət əlaqələrində sabit qalan ölkələr də var. Amma məhsulun miqdarından, növündən asılı olaraq dəyişən ölkələr də var. Azərbaycan xarici bazarlarda rəqabət prinsipini qorumağı əsas götürüb. İstehsal olunan məhsulların əvvəlki illərlə müqayisədə çoxluq təşkil etməsi buna əyani sübutdur.

- Sizcə, 2019-cu il neft-qaz kəmərlərinin tikintisi və istismarı baxımından necə yadda qala bilər?

-Ümumiyyətlə, neft-qaz strategiyamıza baxsaq, 2019-cu il çox yaddaqalan bir il olacaq. Nəyə görə? Çünki ötən il həm Azərbaycan Respublikasının daxilindəki layihələr, həm də ölkəmizin hüdudlarından kənarda Azərbaycanın həyata keçirdiyi layihələr çərçivəsində bir sıra obyektlərin istismara verilməsi gerçəkləşdi. Bunlar əsasən qaz layihələridir. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi istismara verildi. Eləcə də “Şahdəniz-2” layihəsi qurğuları istismara verildi, “Cənub Qaz Dəhlizi” boru kəmərinin genişləndirilməsi və nəhayət, TANAP layihəsi işə düşdü. Bununla da Azərbaycan qazı “Şahdəniz-2” layihəsi ilə Türkiyə bazarına nəql edilməyə başladı. Bundan əlavə, Azərbaycanın Türkiyədəki ən böyük investisiya layihələrindən olan “Star” neft emalı zavodu işə salındı. Bu layihələr Dövlət Neft Şirkətinin artıq yeni bir seqmentidir ki, onun ənənəvi biznesindən əlavə gəlir gətirməyə imkan yaradacaq.

Əgər 2018-ci ildə Azərbaycan qaz idxalçısı idisə, artıq 2019-cu ildə qaz idxalı sıfırlanmış olur. Başqa bir tərəfdən,  bir sıra layihələr var ki, Azərbaycan ona imza atmaqla (kəşfiyyat quyularının qazılması, qazılmış quyuların davam etdirilməsi, “Abşeron” layihəsi, “Şəfəq-Asiman”da kəşfiyyat quyusunun qazılması, BP-nin Qobustanda - Azərbaycanın quru hissəsində yeni bir kəşfiyyat quyusunun qazılmasına başlayaraq orada qaz layihələrinin axtarılması) qarşısında növbəti illər üçün böyük perspektivlər açdı. BP-nin regional prezidenti Qəri Counsun sözləri ilə desək, əgər hər şey bizim geoloqların gözlədikləri kimi olsa, biz Xəzərin dərinliyində ikinci bir “Şahdəniz” layihəsi açmağa müvəffəq olacağıq. Bu artıq növbəti 10 illik üçün Azərbaycanın imkanlarını nəinki regionda, uzaq qonşularla əlaqələrinin möhkəmlənməsində də genişləndirəcək.

- Necə düşünürsünüz, sadaladığınız bu layihələr Azərbaycanı tranzit ölkə kimi təsdiq edibmi?

- Bəli, bu 10 illik başlayandan Azərbaycan özünü karbohidrogenlərin daşınması üzrə tranzit ölkə kimi təsdiq edib. Bu özünü Bakı-Tibilisi-Ceyhan layihəsində göstərdi. Layihə təqribən 500 min ton həcmində Qazaxıstan neftinin daşınmasından başlanıldı. Bundan sonra Türkmənistan şelfindən hasil edilən həcmlərin də qoşulması ilə miqdar 3 milyona çatdı. 2017-ci ildə artıq həmin həcmlər 6 milyon tonu keçdi. Yəni ancaq boru kəmərləri ilə Azərbaycan 6 milyon ton neftin daşınmasını reallaşdırdı. Uzaq perspektivdə qaz həcmlərinin də Azərbaycan üzərindən nəql edilməsi imkanları var. Eyni zamanda, Azərbaycandan elektrik enerjisinin tranziti məsələləri də gündəmdədir. Biz bunu əsasən Şimal-Cənub istiqamətində, yəni Rusiya elektrik enerjisinin İranın şimal bölgələrinə nəql edilməsi sayəsində tranzit ölkə kimi çıxış edə bilərik.

Şəfiqə Dadaşova, Şəmsiyyə Əliqızı,
Vüsal Cahanov (foto), 
“İki sahil”