17 yanvar 2019 10:06
1111

Bakı meriyası mitinqə ona görə icazə verdi ki...

19 yanvar mitinqi qondarma “Milli Şura”nın iflasını tam başa çatdıracaq

Qondarma “Milli Şura” 2018-ci il yanvarın 19-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bakı Şəhər İcra Hakimiyyəti  dağıdıcı düşərgənin  proqnozlarının əksinə olaraq artıq mitinqə icazə verib. Əslində, hakimiyyətin bu mitinqə icazə verməsinin bir səbəbi var - Əli Kərimli və onun inhisarında olan qondarma “Milli Şura”nın  siyasi iflasını  Azərbaycan cəmiyyəti daha aydın şəkildə görə bilsin.

Hakimiyyət yaxşı anlayır ki, bu gün müxalifətin, xüsusilə də dağıdıcı düşərgənin sosial bazası sıfır səviyyəsindədir. Məhz qondarma “Milli Şura”nın keçirdiyi əvvəlki mitinqlərə hər dəfə uzaqbaşı 1200 adam toplaşıb ki, onların da bir hissəsi ya yoldan keçənlər idilər ki,  sadəcə bir neçə dəqiqəlik ayaq saxlayıb aksiyaya tamaşa ediblər,  ya da ki, mitinqi müşahidə edən jurnalist və bloqgelər olublar.

Bəs sual olunur: Əli Kərimli və onun qondarma  “Milli Şura”sı bu mitinqi nə məqsədlə keçirir?  Əvvəla onlar elə güman edirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyaya icazə verməyəcək. Əvəzində onlar hakimiyyətə qarşı yeni şər və böhtan kampaniyası başladacaqlar, dünyaya, beynəlxalq təşkilatlara Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulmasına dair donoslar ötürəcəklər.

Burada bir məqama da diqqət yetirmək lazımdır ki, qondarma “Milli Şura” mitinqi 19 yanvar tarixinə təyin etməklə Bakı şəhərində 20 Yanvar Ümumxalq Hüzn Gününə hazırlıqların getdiyi bir mərhələdə hakimiyyətin bu mitinqə icazə verməyəcəyini proqnozlaşdırmışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti  növbəti dəfə müdriklik nümayiş etdirərək onların bu planını fiaskoya uğratdı.

Eyni zamanda, mitinqə icazə verilməsi Azərbaycan hakimiyyətinin demokratik dəyərlərə, xüsusilə də vətəndaşların sərbəst toplaşmaq hüququna hörmətin əlamətidir.

Maraqlıdır, qondarma “Milli Şura” bu mitinqdən hansı siyasi dividentlər qazanmağa çalışacaq? İlk növbədə qrant marığına yatmış Əli Kərimli 19 yanvar mitinqi ilə özünü siyasi gündəmdə saxlamaq,  antiazərbaycan qüvvələrin diqqətini yenidən özünə cəmləmək istəyəcək.  O, nümayiş etdirmək istəyəcək ki, 2018-ci ildəki kimi, 2019-cu ildə də onların hər bir antiazərbaycan tapşırıqlarını yerinə yetirməyə can-başla hazırdır. Təki qrantlarını əsirgəməsinlər.

Digər tərəfdən, Əli Kərimli “ana müxalifət” adını hələ də inhisarında saxlamaq üçün tez- tez mitinqlərə rəvac verir. O, burada dağıdıcı müxalif düşərgənin digər simalarına həzm etdirmək istəyir ki, antiazərbaycan hərəkətlərinə görə qrant almaq “hüququ” yalnız və yalnız ona məxsusdur.

Bir məsələni də qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində məhz Əli Kərimlinin qrant hərisliyi ona qarşı nifrət yaradıb. Xüsusilə REAL sədri İlqar Məmmədovun həbsdən çıxmasından sonra Əli Kərimlinin trolları ona qarşı ciddi əks-təbliğat aparırdılar və onu hakimiyyətə loyal münasibət bəsləməkdə ittiham edirdilər. Məqsəd isə İlqar Məmmədovu xarici qrant təşkilatlarının gözündən salmaq və qrantların yeganə sahibinə çevrilmək idi.

Eyni zamanda, bu gün İsgəndər Həmidov, Pənah Hüseyn, Əvəz Zeynallı, İqbal Ağazadə və Arif Hacılı kimi müxalifət nümayəndələri Əli Kərimlini müxalifətin baş bəlası hesab edirlər. Onların iddiasına görə, bu gün müxalifətin birləşməsinə mane olan yeganə qüvvə Əli Kərimlinin xaricdən gələn qrantlara sonsuz hərisliyidir.

Həmçinin Əli Kərimlinin öz ətrafı açıq çağırışla onu tərk edirlər. Onlar qrantların diktator təbiətli sədrləri tərəfindən təkbaşına həzm edilməsinə etinasız qala bilmirlər.    

Ümumiyyətlə, bu bir acı gerçəklikdir ki, son 15-20 ildə  dağıdıcı müxalifət qalmaqallarla gündəmdə qalmağa cəhd göstərir. Bunun da əsas səbəbi həmin partiyalarda islahatların keçirilməməsi və partiyaların yeni təşəbbüslərlə çıxış etməməsidir. Nəticə isə onlar üçün dəhşətlidir: bu düşərgədə elektorat deyilən bir nəsnə qalmayıb.

Ona görə də ancaq oyunbazlıqlarla məşğuldurlar. Gah yeri gəldi-gəlmədi mitinqlər keçirmək istəyirlər, gah ölkədə keçirilən bütün seçkiləri  boykot qərarları verirlər, gah növbədənkənar seçkilər istəyirlər. Necə deyərlər, ağıllarına hər gələni ağızlarına gətirməklə cəmiyyətin gülüş obyektinə çevrilirlər.

Elçin Zaman, “İki sahil”