Xəbər verildiyi kimi, yanvarın 16-da ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib. Karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib.
Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən, 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.
“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
Açılış mərasimində müəssisənin kollektivi ilə görüsündə dövlətimizin başçısı vurğulayıb ki, bu zavodun yaradılması çox əlamətdar, çox önəmli hadisədir: “Ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılmışdır. Bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir. Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda, daxili tələbat da ödəniləcək. Çünki biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik. Zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik.”
Zavodun ölkə iqtisadiyyatında əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin deputatı Tahir Mirkişili “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı aparılan iqtisadi islahatların əsas istiqamətini təşkil edir: “Qeyri-neft sektorunda artım tempi iqtisadiyyatın ümumi artım tempini üstələyir. İslahatların nəticəsi olaraq qeyri-neft sektorunün ümumi daxili məhsulda payı durmadan artır. Eyni zamanda, neft sektorunda da emal müəssisələrinin yaranması və kimya sənayesinin inkişaf etdirilməsi neft və qazdan yüksək dəyərli yeni məhsulların alınmasına imkan yaradır ki, bu da bir tərəfdən ölkəmizin bu məhsullardan asılılığını azaldır, digər tərəfdən isə ixracı artıraraq valyuta daxil olmasının səviyyəsini artırır, iqtisadi dayanıqlılığa müsbət təsir edir. Dövlət başçısının tapşırığı ilə Sumqayıt Kimya Sənaye Parkında yaradılmış müəssisələr məhz yeni dövrün müasir texnologiyalar ilə təmin olunmuş müəssisələridir. Parkda “SOCAR karbamid” zavodunun açılması Azərbaycan kimya sənayesi tarixində mühüm hadisədir. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək ki, bu da illik təxminən 650 min ton karbamid gübrəsinin istehsalı deməkdir. İstehsal olunan məhsulun illik dəyəri təxminən 210 milyon ABŞ dolları olacaq. Məhsulunun təxminən 30%-inin daxili tələbatı tam ödəməsi və qalan 70%-in “Made in Azerbaijan” brendi altında Türkiyəyə və dünya bazarlarına ixrac olunması planlaşdırılır.”
T.Mirkişili qeyd etdi ki, daxili istehsal nəticəsində Azərbaycanın azot gübrəsi idxalından asılılığı tamamilə aradan qaldırılacaq, gübrə idxalı ilə bağlı xaricə maliyyə axınına son qoyulacaq və ölkənin qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım uğurla həyata keçirilmiş olacaq: “Hesablamalara əsasən məhsulun ixracı nəticəsində ölkəyə illik təxminən 150-160 milyon ABŞ dollar gəlirin daxil olması gözlənilir. Bu isə alternativ valyuta gəliri mənbələrinin sayını artırmaqla iqtisadi dayanıqlılığa dəstəkdir. Bundan əlavə, Layihə Sumqayıt şəhərində əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərməklə sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Tikinti dövründə layihənin həyata keçirilməsinə təxminən 2200-3600 nəfər işçi qüvvəsi cəlb edilib. Zavodun istismarı dövründə isə təxminən 500 nəfərin daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulur. Zavodun yüksək texnoloji proseslərə malik olduğunu nəzərə alsaq ixtisaslı kadrlara olan tələbatın kadr potensialının inkişaf etdirilməsinə böyük dəstək olacağı gözlənilir.”
Qeyd edək ki, zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.
Orxan Vahidoğlu, “İki sahil”