Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) bir çox nailiyyətlər qazandı və milli iqtisadiyyatımızın inkişafında mühüm rol oynadı. SOCAR-ın bir çox əmək kollektivləri kimi, keçmiş “Azərneftyağ” NEZ-in ona qoşulmasından sonra daha da monolit, sıx qüvvəyə çevrilmiş Heydər Əliyev adına Neft Emalı Zavodunun neft emalçıları neft sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki, dövlət plan tapşırıqlarının vaxtında yerinə yetirilməsi məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.
İqtisadi nailiyyətlərimizdən bəhs edərkən ilk növbədə məqsədyönlü işlərin davamı kimi yanacaq-enerji resurslarına qənaət edilməsi, neft və neft məhsullarının çıxımının artırılması və itkilərin azaldılması, beynəlxalq standartların tələblərinə uyğun olaraq yanacağın təmin edilməsi və ekoloji fonun yaxşılaşdırılmasını göstərmək olar. 55№-li katalitik krekinq qurğusunun stabil işləməsi, neftin ilkin emalı üzrə 21№-li ED-AV-6 qurğusunun daim texnoloji rejiminə ciddi nəzarət olunması, 31 №-li katalitik riforminq qurğusunun keyfiyyətli mühərrik yanacağının istehsal edilməsi və digər istehsalatlar, sahələrin səmərəli fəaliyyəti zavodun dinamik, stabil, fasiləsiz fəaliyyətində mühüm rol oynamışdır.
Zavodun iqtisadi sahədəki inkişafını SOCAR rəhbərliyinin müəssisəyə xüsusi diqqət və köməyi ilə əlaqələndirsək heç də səhv etmiş olmarıq. Direktor Elman İsmayılovun rəhbərliyi ilə 2018-ci ildə müəssisənin inkişafı istiqamətində bir çox müvəffəqiyyətlərə nail olunmuşdur.
Bu gün Azərbaycan iqtisadiyyatının prioritet sahəsi sayılan neft sənayesinin sürətli inkişafı emal kompleksinin, o cümlədən Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Belə ki, yaxın gələcəkdə müəssisədə yenidənqurma, modernizasiya işləri aparmaqla, irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcəkdir. Qeyd olunan tədbirlərdən biri Heydər Əliyev adına NEZ-də ölkədaxili tələbata uyğun məhsuldarlığı 400 min ton/il olan yeni bitumun alınması qurğusunun inşasıdır. 2016-cı ilin sentyabrında təməlqoyma mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi bu qurğunun və Maye qazdoldurma stansiyasının inşasının başa çatması tarixi hadisə olmuşdur.
Keçən il dekabrın 21-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsinin başa çatması və həmin mərhələ çərçivəsində inşa edilmiş yeni Bitum qurğusu və Maye qazdoldurma məntəqəsinin açılışı münasibətilə mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Bitum qurğusunun istismara verilməsi ilə Heydər Əliyev adına NEZ-də illik bitum istehsalı 250 min tondan 400 min tona çatdırılacaq və ölkədaxili tələbatın təminatında mühüm irəliləyiş əldə ediləcək. “PEN 40/60” markalı yüksək keyfiyyətli bitum istehsal olunacaq bu yeni qurğu enerjiyə daha çox qənaət etməklə Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək. Qurğunun tikintisi Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin aparılması, həmçinin keçmiş “Azərneftyağ” NEZ-in ərazisinin mərhələli şəkildə boşaldılaraq, “Ağ şəhər” layihəsinə təhvil verilməsi baxımından zəruri idi.
Maye qazdoldurma stansiyası 6 ədəd avtosisternlərə və 5 ədəd vaqonlara yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın (LPG) avtosistern və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə, avtosistern və ya dəmir yolu ilə ötürülməsi nəzərdə tutulub. Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İB-nin müəssisələrində xammal kimi istifadə olunacaq, eləcə də məişətdə və nəqliyyat vasitələrində istifadə etmək məqsədi ilə əmtəə məhsulu kimi satışa veriləcək.
Yeni Bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərini “Azfen” BM həyata keçirmişdir. 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM tərəfindən inşaat işlərinə başlanıb, tikinti işlərinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu layihə qrafikə uyğun başa çatdırılıb.
Zavodda emal qurğularının gücündən səmərəli istifadə olunması və müasir texnologiyanın, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin tətbiqi üçün tədbirlərin həyata keçirilməsi də diqqətdən yayınmamışdır. Neftin səmərəli emalı üçün emal qurğularının avadanlıqlarının yeniləşdirilməsi, texnoloji proseslərin avtomatik idarə olunması prosesi mütəmadi olaraq davam etdirilir.
Son vaxtlar yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin adını daşıyan NEZ-də texnoloji qurğuların əsaslı təmiri, mütərəqqi texnologiyanın tətbiqi, yenidənqurma işlərinin görülməsi, infrastrukturların genişləndirilməsi və həyata keçirilən digər böyük tədbirlər onun inkişafını təmin etmişdir. Keçən ilin oktyabr ayından Heydər Əliyev adına NEZ-in əsas texnoloji qurğularında aparılan irimiqyaslı təmir işləri müvəffəqiyyətlə başa çatmışdır. SOCAR və zavod rəhbərliyinin, baş mütəxəssislərin, mühəndis - texniki işçilərin, təmirçilərin gərgin əməyi nəticəsində 55№li katalitik krekinq, 21 №-li ilkin emal, 43№li kokslaşdırma qurğuları əsaslı təmir olunaraq istismara verilmişdir.
Zavodun kollektivi ötən il ərzində SOCAR tərəfindən verilən tapşırıqların və həvalə olunan işlərin öhdəsindən layiqincə gəlmiş, istehsal proqnozlarının yerinə yetirilməsində kadr və texniki potensialdan maksimum istifadə edərək yüksək göstəricilərə nail olmuşdur. Məhz bunun nəticəsidir ki, 2018-ci ildə SOCAR tərəfindən neft emalı və neft məhsullarının istehsalına dair zavoda qoyulan proqnoz tapşırıqları bir qayda olaraq artıqlaması ilə yerinə yetirilmişdir. Son illər zavodda texnoloji qurğuların səmərəli dərəcədə əsaslı təmiri, yenidənqurma işlərinin görülməsi, infrastrukturların genişləndirilməsi və həyata keçirilən digər böyük tədbirlər onun inkişafını təmin etmişdir. Bunu keçən ildə qazanılan uğur və nailiyyətlər təsdiqləyir. Azərbaycan Respublikasının təsdiq olunmuş yanacaq-enerji balansına müvafiq SOCAR-ın Baş Ofisi tərəfindən 2018-ci il üçün zavoda 5911 min ton xam neft və Qaz Emalı Zavodundan 24 min ton qaz benzinin, cəmi 5935 min ton xammalın emalı planlaşdırılmışdır.
Faktiki olaraq, həmin hesabat dövründə 6095,8 min ton neft və 162,3 min ton kənardan daxil olan xammal, cəmi 6258,1 min ton xammal emal edilmişdir. Təyin olunan plana qarşı xam neftin emalı 103,1%, ümumi xammalın emalı isə 105,4% yerinə yetirilmişdir. 2017-ci ilin yekunları ilə müqayisədə neftin emal həcmi 285,8 min ton və ya 4,7%, ümumi xammalın emalı isə 328,5 min ton və ya 5,2% artmışdır.
2018-ci ilin əvvəlindən zavodun ayrı-ayrı istehsal sahələrində texnoloji intizamın yaxşı səviyyədə olması və yaranmış şəraitə uyğun iş rejiminin seçilməsi nəticəsində işçilərimiz tərəfindən sərf olunan enerji resurslarına qənaət edilmişdir.
2018-ci ildə zavodun əsas fəaliyyəti ilə bağlı işlərin optimallaşdırılmasını nəzərə alaraq, texnoloji qurğuların və xüsusilə təkrar emal proseslərinə aid katalitik krekinq və tədrici kokslaşma qurğularının gücündən səmərəli istifadə olunmuşdur. Nəticədə emal prosesində əmələ gələn ağır və ucuz mazut resursunun qalıq komponentlərindən yüksək ödənişli neft məhsullarının istehsalını artırmaq mümkün olmuşdur. Belə ki, baxılan hesabat dövründə zavodda neftin emal dərinliyi 94,6% təşkil etmişdir və plana qarşı 0,6% artmışdır. 2017-ci ilin yekun məlumatları ilə müqayisədə emal dərinliyi 2,6% artmışdir.
2018-ci ildə neft məhsullarının ümumi çeşidləri üzrə istehsal planı 102,9% yerinə yetirilmişdir. İlin əvvəlindən 1185,6 min ton avtomobil benzini, 2538,8 min ton reaktiv mühərrik və dizel yanacaqları, 204 min ton maye qaz, 244 min ton neft koksu, 289,7 min ton neft bitumu, 34,1 min ton DT markalı mühərrik yanacağı, 50,9 min ton müxtəlif növ sürtkü yağları, kimya sənayesi üçün 204,6 min ton hidrotəmizlənmiş benzin və 53,6 min ton təmizlənmiş quru qaz, daxili bazar üçün 106,6 min ton soba mazutu və sair neft məhsulları istehsal edilmişdir. Ümumi olaraq il ərzində zavodda 2076,5 milyon manat dəyərində əmtəəlik neft məhsulları istehsal edilmişdir.
Neft məhsullarının satış planı 100,8% yerinə yetirilmişdir. 2018-ci ilin yekunları üzrə ümumi neft məhsullarının satışı 5431,8 min ton təşkil etmişdir ki, bunun 4462,4 min tonu respublika daxilində realizə olunmuşdur və 969,4 min tonu isə ixrac edilmişdir. Belə ki, ümumi satışda ixracın payı 17,8% təşkil etmişdir. Zavodda istehsal olunan mühərrik yanacaqlarının 12,5%-i xarici bazarda satılmışdır.
2018-ci ildə də ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına dair verdiyi dəyərli tövsiyələri fəaliyyətlərində rəhbər tutan neftayıranlar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi üçün əllərindən gələni əsirgəməmişlər.
Şamil Həşimov,
“Neftayıran” qəzetinin böyük redaktoru