SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə əhalisinin təbii qazla fasiləsiz və təhlükəsiz təchizatı uğurla həyata keçirilir. Təbii ki, ölkənin qaz təsərrüfatında aparılan müasirləşmə prosesi bu kimi prinsipial işlərin daha keyfiyyətlə və sürətlə reallaşmasına kömək edir.
Bu gün geniş şəkildə qazlaşdırılmanın nəticəsi olaraq ölkədə ümumi istehlakçıların sayı 2 185 460-a çatdırılıb.
“Azəriqaz” İB-nin qarşısında duran əsas vəzifələrdən biri də təbii qaz itkilərinin qarşısının alınmasıdır. Bu məqsədə nail olmaq üçün Birlik tərəfindən mütəmadi olaraq tədbirlər planı həyata keçirilir. Belə ki, istismara yararsız olan avadanlıqlar yeniləri ilə əvəz olunur, müxtəlif diametrli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir. Bundan əlavə, 2018-ci ildə daxili imkanlar hesabına 428 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilərək yenisi ilə əvəz edilmiş, 1282 ədəd qaz tənzimləyici və 447 ədəd siyirtmə, həmçinin 118710 ədəd “smart kart” tipli qaz sayğacları quraşdırılmışdır.
Bundan başqa, təbii qazın uçotunun dəqiqləşdirilməsi məqsədilə kompakt ərazilərdə mövcud qaz xətlərinin başlanğıcında balans sayğacları quraşdırılaraq şəbəkə üzrə araşdırmalar aparılmaqla aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. Məhz bu istiqamətdə görülmüş işlərin nəticəsidir ki, təbii qazın itki faizi hər il azalmaqdadır.
Eyni zamanda, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilmişdir. Bu məqsədlə ötən il Birliyin və regional qaz idarələrinin mütəxəssisləri tərəfindən rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq reydlər təşkil olunub, monitorinqlər aparılıb və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər həyata keçirilib.
Elçin Zaman, “İki sahil”