01 fevral 2019 17:12
816

Yanvarda 1763 mənzilə təbii qaz verilib

Cari ilin yanvar ayı ərzində çoxmərtəbəli binalar üzrə 1763 mənzildə təbii qazın açılması təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsində “Azəriqaz” bu ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1763 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.