06 fevral 2019 10:41
1416

Binəqədidə qaz kəmərləri yenilənir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə əhalisinin təbii qazla fasiləsiz və təhlükəsiz təchizatı uğurla həyata keçirilir. Təbii ki, ölkənin qaz təsərrüfatında aparılan müasirləşmə və yenidənqurma  prosesi bu kimi prinsipial işlərin daha keyfiyyətlə və sürətlə reallaşmasına kömək edir.

Xüsusilə Birlik tərəfindən qaz kəmərlərinin əsaslı təmiri istiqamətində Bakı şəhəri və şəhərətrafı yaşayış sahələrində də genişmiqyaslı işlər həm də beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. Binəqədi rayonunda görülən işlər də məhz bu qəbildəndir. Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir.

Belə ki, 6-cı mikrorayonun Zeytun bağları ərazisində yerləşən evlərin altından keçən orta təzyiqli qaz kəmərinin kənarlaşdırılması üçün 500 metrə yaxın 315 mm-lik polietilen qaz xəttinin çəkilişi, Biləcəri qəsəbəsində, Dəmir yolu stansiyasının çeşidləmə məntəqəsində müxtəlif diametrli 1000 metrdən artıq qaz kəmərinin əsaslı təmiri və rənglənməsi, Rəsulzadə qəsəbəsində İ.Hacıyev, A.Nemətulla, Hacıbababəyov və A.Hüseynov küçələrində müxtəlif diametrli 3200 metrə yaxın qaz xətlərinin təmiri, rənglənməsi, mövcud qaz sayğaclarının əvəz olunacaq qaz xətti üzərinə köçürülməsi və şkaf tipli qaz tənzimləyici məntəqələrin quraşdırılması, eyni zamanda, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində qaz xətlərinin əsaslı təmiri işləri aparılmaqdadır.

Qeyd edək ki, artıq Rəsulzadə qəsəbəsindəki işlər başa çatmaq üzrədir, digər işlərin isə qısa zamanda başa çatdırılması üçün intensiv işlər aparılır. Eyni zamanda, Binəqədi rayonunda 3000 qaz sayğacının həyətyanı sahələrdən kənara çıxarılması uğurla yerinə yetirilir.

“Azəriqaz” İB-in təmir-tikinti idarəsinin iş icraçısı Ruslan Süleymanov “İki sahil”ə bildirdi ki, qaz xətlərinin yenilənməsi müasir polietilen borulardan istifadə olunmaqla həyata keçirilir. İş sürətlə və keyfiyyətlə aparılır, maddi-texniki təminat yaxşıdır. Bu isə işin vaxtında başa çatdırılmasına kömək edəcəkdir.

Elçin Zaman, “İki sahil”