13 fevral 2019 11:55
9021

Yalnız ixtisasartırma proqramı ilə müəllim olmaq doğru deyil

Hər bir  Azərbaycan vətəndaşı  ixtisasını artırmaq və dəyişmək imkanına malikdir. Bu, insanlar üçün fasiləsiz təhsilalma fürsəti yaradır. İntellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, əmək şəraitinə uyğunlaşdırılmasını təmin edir. Təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabət qabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ixtisasartırma təhsili əlavə təhsilin bir istiqamətidir: “Bu, dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən bir təhsil növüdür. Bu metod ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə yaradılıb.”

Ekspert, həmçinin əlavə etdi ki, son illər müəllimlərin bilik səviyyəsinin yoxlanılması istiqamətində aparılan uğurlu işlər öz bərhəsini verməkdədir: “Təhsil Nazirliyi tərəfindən müəllimlərin diaqnostik qiymətləndirilməsi müəllimlərin imtahan yolu ilə öz bilik səviyyələrinin yoxlanılmasına xidmət edir. Bu xidmət nəticəsində respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlər öz biliklərindən xəbərdar olmaqla yanaşı, eyni zamanda, yüksək əmək haqlarına da nail olurlar. Ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin bəziləri qeyri-ixtisas sahibləri olsalar da, sonradan ixtisasartırma və ixtisasdəyişmə yolu ilə müəllimlik ixtisasına da yiyələniblər.”

Kamran Əsədov yalnız ixtisasartırma  proqramını mənimsəyib müəllim peşəsinə yiyələnməyi  doğru hesab etmir: “Ümummilli lider Heydər Əliyev deyirdi ki, mən müəllim adından üstün ad tanımıram. 4 il və daha çox ali təhsil müəssisələrində müəllimlik ixtisasına yiyələnənlərlə sonradan qeyri-ixtisas sahiblərinin ixtisasartırma yolu ilə müəllim olanların fəaliyyəti arasında heç də fərq görünmür. Biri azı 4 il zəhmət çəkib müəllim ixtisasına sahib olur, digəri isə 1 il müddətinə müəllimlik ixtisasına yiyələnir. Təsəvvür edin ki, biri 4 il dinşünaslıq oxuyur, sonra gedib 6 ay ixtisas dəyişmədə vaxt keçirib gəlib Azərbaycan dili müəllimi olur. Təhsili,  onun əsas təlimçisi, nümayəndəsi olan müəllimliyi ciddiyə almaq lazımdır.

“Azərbaycanda ümumtəhsil məktəblərində ixtisaslı kadrlara olan tələbat ixtisasartırma kimi fakültənin yaradılmasına zəmin yaradıb. Azərbaycanda ixtisaslı kadrların azlığı və ya bütün ixtisaslıların işləmək istəməmələri müəyyən ixtisaslar üzrə boşluqların yaranması ilə nəticələndi. Dövlət də kadra olan tələbatı aradan qaldırmaq üçün bu halı normal qəbul edib. Amma etiraf etməliyik ki, baza təhsili hər hansı ixtisas üzrə olan kadrla, ixtisasdəyişmə yolu ilə ixtisas üzrə kadr olan şəxsin bilik və bacarıqları fərqli olur. Bir məqamı da qeyd edim ki, müəyyən edilmiş qaydalara görə, pedaqoji sahədə istər rəhbər olsun, istər müəllim ixtisasartırması 5 ildən bir müəyyənləşir. Amma müəllim istəsə 3 ildən bir, hər il gəlib iştirak edə bilər. Müəllimlərin ixtisasartırması hazırda 24 günlükdür. Təkmilləşdirilmə isə 3 mərhələli olur. Bir həftə keçilir. Təhsil şöbələrinin yaratdığı dayaq məntəqələrinin nümayəndələri bizdə təlim kursları keçirlər və öyrəndiklərini yerlərdəki müəllimlərə çatdırırlar. Ona görə belə müəllimlər “öyrədənlərin öyrədəni” adlanır. Hesab edirəm ki, ixtisasartırma təlimləri müəllimlər üçün çox faydalıdır”,- deyə ekspert bildirib.

K.Əsədov ixtisasartırma yolu ilə müəllimlik peşəsinə yiyələnənlərin işlərini itirmək təhlükəsi ilə bağlı narahatlıqlarına münasibət bildirdi: “Hesab edirəm ki, hal-hazırda ixtisas dəyişmə ilə müəllim kimi fəaliyyət göstərənləri hansısa bir təhlükə gözləmir. Bir halda ki, onlar qanuni əsaslarla həm əsas ali təhsil sənədini əldə ediblər, həm də ki ixtisasdəyişmə qanunvericilik çərçivəsində həyata keçirilib, onlar əgər diaqnostik qiymətləndirmə imtahanlarında iştirak ediblərsə və minimum şərtləri ödəyiblərsə, belələrinin fəaliyyətlərini davam etdirməklərində heç bir problem yoxdur”.

Yaqut Ağaşahqızı, “İki sahil”