02 oktyabr 2025 11:05
205

İcbari tibbi sığorta: Daha az xərc, daha çox xidmət

Ölkə üzrə 3.6 milyon insan 12 milyondan çox dəfə tibb müəssisələrinə müraciət edib, göstərilən xidmətlərin sayı 44 milyona çatıb

Azərbaycanda icbari tibbi sığorta sistemi səhiyyə islahatlarının əsas istiqamətlərindən biri kimi insanların tibbi xidmətlərə əlçatanlığını artırmaq, maliyyə yükünü azaltmaq və keyfiyyətli xidmətlərlə təmin etmək məqsədi daşıyır. Tətbiq olunduğu qısa müddət ərzində bu sistem vətəndaşların gündəlik tibbi ehtiyaclarını qarşılamaqda mühüm rol oynayıb, həm dövlət, həm də özəl tibb müəssisələrində yeni imkanlar yaradıb.

İcbari tibbi sığortanın hazırkı vəziyyəti, görülən işlər və qarşıda duran planlarla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova ilə həmsöhbət olub.

- İcbari tibbi sığortanın məqsədlərindən biri də əhalinin səhiyyə ilə bağlı xərclərini azaltmaqdır. Vətəndaşlar icbari tibbi sığortadan nə dərəcədə faydalana bilir?

-İcbari tibbi sığortanın əsas məqsədlərindən biri vətəndaşların səhiyyə ilə bağlı xərclərini optimallaşdırmaq, maliyyə yükünü, o cümlədən cibdən ödənişləri azaltmaqdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq dəyərlərimizi rəhbər tutaraq vətəndaşların mənafeyinə xidmət etməyi, onların səhiyyə ilə bağlı maliyyə yüklərini azaltmağı, tibbi xidmətlərə əlçatanlığı təmin etməyi və əhali üçün bərabər şərtlər yaratmağı hədəfləmişik.

Artıq vətəndaşlar Xidmətlər Zərfi ilə 3315 sayda tibbi xidmətdən sığorta hesabına istifadə edə bilirlər. Dəyəri yüksək cərrahi əməliyyatlar daha əlçatan olub. Statistik göstəricilərə əsasən, dövlət tibb müəssisələrində sığorta hesabına göstərilən tibbi xidmətlərin sayı artıb.

Cari ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 38%-i icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 44.2 milyon olub. Tibbi xidmətlərin 87%-i ambulator, 13%-i isə stasionar şəraitdə göstərilib.

- İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələri ilə əməkdaşlığın genişlənməsi vətəndaşların tibbi xidmətlərə əlçətanlığının artmasına necə təsir edir?

-Azərbaycanda icbari tibbi sığorta tətbiq edildikdən sonra ilk dəfə olaraq özəl klinikalarda da tibbi xidmətlərdən icbari tibbi sığorta hesabına ödənişsiz istifadəyə şərait yarandı. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə göndərişlərin verilməsinə başlanıldı. Bu həm özəl, həm də müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri ola bilər.

Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı hazırda 190-dan çoxdur. Sözügedən tibb müəssisələrinin 70%-i Bakının,  30%-i isə digər bölgələrin payına düşür. Cari ilin ilk yarımilliyində isə vətəndaşlara 154 987 göndəriş verilib. İlk 5 ay ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 89 560 tibbi xidmət göstərilib. Bu xidmətlərin 1738-dən uşaqlar, 87 822-dən isə böyüklər yararlanıb. Sözügedən xidmətlər əsasən invaziv radiologiya, oftalmologiya və ürək-damar cərrahiyyəsi üzrə sahələri əhatə edib.

Cari ilin 6 ayı ərzində Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 56%-ni böyrək, 38%-ni qaraciyər, 6%-ni isə sümük iliyi transplantasiyası əhatə edir.

- Cari ilin əvvəlindən icbari tibbi sığorta ilə bəzi radioloji xidmətlərə müştərək maliyyələşmə məbləği tətbiq edilir. Müştərək maliyyələşmə sisteminin tətbiqini zəruri edən amillər hansılardır?

-Müştərək maliyyələşmə məbləği bir çox inkişaf etmiş ölkələrin tibbi sığorta sistemində, o cümlədən könüllü tibbi sığorta sahəsində geniş tətbiq olunur. Beynəlxalq sığorta terminologiyasında  bu mexanizm “kopeyment” adlanır. Bu yanaşma bir neçə məqsədə xidmət edir. Sözügedən mexanizm tibbi xidmətlərin keyfiyyətli və davamlı təminatına, diaqnostikanın və müalicənin vaxtında, effektiv aparılmasına, tibbi xidmətlərin fasiləsiz və davamlı şəkildə əlçatan olmasına şərait yaradır.

Məlumat üçün bildirim ki, cari ildən etibarən maqnit rezonans tomoqrafiya və kompüter tomoqrafiyası müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq olunmağa başlanıb. Belə ki vətəndaşlar Xidmətlər Zərfindəki tarifin 20%-i həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə icbari tibbi sığorta  tərəfindən qarşılanır. MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat təşkil edir. Qeyd edim ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.  

Onu da vurğulayım ki, qanunvercilikdə icbari tibbi sığorta ilə müştərək maliyyələşmə məbləğinin ödənilməsini labüd edən hal müəyyən olunsa da bu mexanizmin tətbiqi 2026-cı il yanvarın 1-dək təxirə salınıb. Bu hal ilkin tibbi-sanitariya yardımına, yəni, ailə həkiminə müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə ilə bağlıdır.

- İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Hazırda ikin səhiyyə xidmətinin inkişafı məqsədilə sistemli iş aparılır. Əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üzrə Konsepsiya" sənədi təsdiqlənib. Konsepsiya sənədinin məqsədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi-sanitariya yardımını təmin etməkdir.

Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.

İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsində əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsinə  gətirib çıxaracaq. Habelə, ən ucqar nöqtələrdə olan vətəndaşların da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq, xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmət etmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığorta fondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə təkan verəcək.

Ümumi infrastruktur quruculuğu, kadr hazırlığı və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, bu sahədə tətbiq olunacaq əsas yeniliklərdən biri “Ailə həkimi informasiya sistemi” modulunun yaradılması və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən tibb müəssisələrində tətbiqidir. Bu vasitə ilə ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin tam elektronlaşdırılması nəzərdə tutulub. Yeniliyin tətbiqi nəticəsində ailə həkimlərinin elektron sistem vasitəsilə pasiyentin keçirdiyi əməliyyatlar və xroniki xəstəlikləri haqqında məlumatlara əlçatanlığı təmin ediləcək. Ailə həkimlərinin pasiyentlərin xəstəlik tarixçəsinə çıxışının olması  pasiyentin vəziyyətini daha adekvat dəyərləndirməyə imkan verəcək.

Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir.  Layihənin məqsədi əhalini ehtiyaclarına uyğun keyfiyyətli ilkin tibbi-sanitariya yardımı ilə təmin etməkdir.

- Rəqəmsallaşmadan söz düşmüşkən, təmsil etdiyimiz qurumun saytı vasitəsilə vətəndaşlar hansı funksiyalardan, elektron xidmətlərdən istifadə edə bilirlər?

-Mediadan da izlədiyiniz kimi saytımız mütəmadi olaraq yenilənir. Məqsədimiz vətəndaşları icbari tibbi sığorta ilə bağlı maraqlandıran məsələlər barədə vaxtında məlumatlandırmaq, onların vaxtına qənaət etmək və tibbi xidmətlə bağlı müraciətləri daha məqsədyönlü planlamağa imkanı yaratmaqdır.

Bu məqsədlə də saytda bir sıra funksiyalar mövcuddur. Belə ki, bu yaxınlarda saytda "Tibb müəssisələrinin axtarışı" bölməsi yeniləndi. İcbari tibbi sığorta hesabına göndəriş əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edildi. Bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini sayt üzərindən asanlıqla müəyyən edə bilərlər.

Həmçinin saytda Şəxsi kabinetə daxil olaraq işçi, işəgötürən və fiziki şəxslər tərəfindən ödənilən icbari tibbi sığorta haqları, tibb müəssisələrinə verilən göndərişlər haqqında məlumatlar əks olunur. Orada müraciət tarixi, tibb müəssisəsinin adı, aldığı tibbi xidmətlərin tarixçəsi, müayinə və müalicə edən həkimlərin adı qeyd olunub. Həmçinin şəxsi kabinetə daxil olaraq sağlamlıq haqqında arayışı və digər tibbi sənədləri elektron qaydada əldə etmək, göndəriş vərəqəsi və bu göndərişlə müraciət edilə bilən tibb müəssisələrinin siyahısı ilə tanış olmaq mümkündür. Elektron xidmətlər həm vətəndaş məmnunluğu, həm də  şəffaflığın artırılmasına xidmət edir.

Əlavə olaraq bildirim ki, istifadəçi məmnuniyyətinin artırılması məqsədilə məlumat təqdim edən səhifələrdə qiymətləndirmə və rəy bildirmək imkanları yaradılıb. İstifadəçilər bu səhifələrdə yerləşdirilən məlumatların faydalılığını qiymətləndirməklə yanaşı, əlavə fikir və təkliflərini də birbaşa təqdim edə bilirlər. Bu dəyişiklik Agentliyin saytına dair ictimai rəyin öyrənilməsinə və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır.

- Oxucularımıza həmçinin “e-Tabib” mobil tətbiqində tibbi xidmətlərin qiymətləndirilməsi üçün yaradılmış yeni bölmə haqqında məlumat verməyinizi xahiş edirəm. Bu funksiya xidmət keyfiyyətinin təkmilləşdirilməsində nə kimi rol oynayır?

-İcbari tibbi sığorta ilə tibbi xidmət alan vətəndaşlar “e-Tabib” mobil tətbiqi vasitəsi ilə şəxsi kabinetinə daxil olub müxtəlif vaxtlarda aldıqları tibbi xidmətlərə dair məlumatla tanış olmaqla yanaşı, həmin xidmətləri qiymətləndirə də bilərlər.

Tibbi xidmətlərin alıcısı olaraq bizim üçün tibbi yardımın keyfiyyətini yaxşılaşdırmaq və şəffaflığı artırmaq prioritet məsələdir. Bu məqsədlə biz “e-Təbib” mobil tətbiqi üzərindən geridönüş almaq funksiyasını təkmilləşdirdik.

Artıq pasiyentlər icbari tibbi sığorta çərçivəsində TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində aldıqları tibbi xidməti 5 ballıq şkala üzrə qiymətləndirməklə yanaşı, rəylərini də yaza bilərlər. Məsələn, əgər pasiyent göstərilən xidmətə 1 və ya 2 ulduz verirsə sistem ondan hansı səbəbə görə narazı qaldığını seçməyi təklif edir. Eyni zamanda, aldığı xidməti 4 və ya 5 ulduza layiq görürsə, səbəbini göstərə bilər. Bu formada qiymətləndirmə imkan verir ki, biz mövcud problemləri daha dəqiq anlayaq. Eyni məntiq digər mühüm məqamlar üçün də tətbiq olunur: həkimin peşəkarlığı, tibb müəssisəsinin şəraiti, personalın münasibəti və s.

Biz hesab edirik ki, bu cür rəylərin mütəmadi toplanması və təhlili çox effektiv vasitədir. Bu, həm sistemli, həm də lokal problemləri aşkara çıxarmağa, onlara operativ reaksiya verməyə və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün konkret tədbirlər görməyə imkan verir.

- Vətəndaş məmnunluğunun səviyyəsini ölçmək, şikayət və təklifləri toplamaq, iradları aradan qaldırmaq üçün tətbiq olunan yeni mexanizmlər hansı nəticələr verir və bu proses necə təkmilləşdirilir?

- Sözügedən funksiya yeni tətbiq olunmağa başlanıb. Bir müddət keçməlidir ki, təhlil üçün müəyyən baza formalaşsın.  Fürsətdən istifadə edərək icbari tibbi sığortadan istifadə etmiş oxucularınızı “e-Təbib” mobil tətbiqini yükləyib bu funksiyadan istifadə etməyə çağırırıq. Çünki vətəndaşlardan daxil olan geridönüşlər bizə tibbi xidmətin keyfiyyətini artırmağa imkan verir.

Agentliyin fəaliyyət istiqamətlərindən biri də əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində tədbirlər görmək, sığortaolunanların hüquq və qanuni mənafelərini qorumaqdır. Tibbi xidməti təkmilləşdirmək baxımından insanların fikirlərini öyrənmək bizim üçün önəmlidir. İcbari tibbi sığorta ilə bağlı suallar, təklif və iradlar Agentliyə əsasən rəsmi internet saytında “Onlayn çat” xidməti, sosial media hesabları, “1542” Çağrı Mərkəzi, elektron poçt vasitəsi ilə ünvanlanır. Hər bir müraciət təhlil edilir və qanunvericiliyə uyğun olaraq cavablandırılır.

Xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusu tətbiq olunmağa başlanıb. Vətəndaşlar bunun sayəsində zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilirlər.

Göründüyü kimi, əhali ilə əks əlaqə yaratmağa imkan verən kifayət qədər kommunikasiya kanallarımız mövcuddur və  biz bu kanallar vasitəsi ilə vətəndaşların fikirlərini öyrənə bilirik.

- Gələcəkdə icbari tibbi sığorta sistemində hansı yeniliklər gözlənilir, qarşıda duran əsas məqsəd və strateji hədəflər nədir?

- Bizim məqsədimiz əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Universal tibbi təminat sayəsində bütün, o cümlədən müalicəvi və profilaktik tibbi xidmətlərə vətəndaşların əlçatanlığı təmin edilir. Əsas hədəflər arasında tibbi xidmətlərin əhalinin ehtiyaclarına uyğunlaşdırılması, tibbi xidmətlərə əlçatanlığın hamı üçün bərabər olması, səhiyyə sahəsində universal mühitin və tibb personalında inklüziv təcrübə aspektlərinin inkişaf etdirilməsi dayanır.

Biz çox istərdik ki, vətəndaşların sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil olsun. Bunun üzərində çalışırıq. Bir çox ölkələrin təcrübələrini öyrənirik. Mərhələli şəkildə ambulator şəraitdə resept əsasında yazılan  bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq.  Gələn ildən ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. Hazırda icbari tibbi sığorta hesabına qarşılanacaq dərmanlarla bağlı pozitiv siyahının hazırlanması üzərində intensiv iş gedir. İşlər tam yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Yaqut Ağaşahqızı, “İki sahil”