25 fevral 2019 14:01
1591

Azərbaycan qazlaşdırma səviyyəsi 96 faizə çatan nadir ölkələrdəndir

Son illərdə bütün sahələrdə olduğu kimi, ölkədə qazlaşdırma ilə bağlı da mühüm işlər görülür, əsas problemlər həll edilir. Belə ki, 15 il öncə respublika üzrə təbii qazla təminat təxminən 50 faiz səviyyəsində idisə, hazırda qazlaşdırmanın səviyyəsi ən yüksək göstəriciyə - 96 faizə çatır. Dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr elə də çox deyil. Azərbaycan nadir ölkələrdəndir ki, bu dərəcədə qazlaşdırma işi görüb. Lakin hələ də elə kəndlər var ki, oraya qaz çəkilməyib. Bu proses cari ildə də davam etdirilir və gündəlikdə duran prioritet məsələ məhz qaz verilməyən bir çox yaşayış məntəqəsinin qazlaşdırılmasıdır.

Yanvarda 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ölkə üzrə qazlaşdırma səviyyəsinin artırılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə birlik tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən ötən ay 17,1 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 kilometr qaz kəməri əsaslı təmir olunub.

Keçən ay Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2,2 milyona çatır

Keçən ay “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 479 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 min 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 min 575-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən işlər də öz müsbət nəticəsini göstərib.

Çoxmərtəbəli binalar üzrə ötən ay 1763 mənzildə təbii qazın açılması təmin olunub

“Azəriqaz” tərəfindən çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində görülmüş işlər nəticəsində birlik yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1763 ailə yaşayır.

Ümumilikdə “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunması istiqamətində işini davam etdirir.

Müxtəlif rayon və qəsəbələrin təbii qaz təsərrüfatı yenilənir

Respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması, eyni zamanda, istismara yararsız qaz xətlərinin yeniləri ilə əvəz olunması məqsədilə intensiv iş aparılır. Bakı daxil olmaqla, şəhərin ətraf kənd və qəsəbələrində bu sahədə aparılan işlər xüsusilə xarakterikdir.

İlin əvvəlindən başlayaraq Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin qaz təchizatı yenidən qurulur. Belə ki, qəsəbənin A, B və D yaşayış massivləri, “kərpic zavod” adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız daşıyıcı qaz kəmərləri əsaslı təmir edilir. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 18 minədək təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq. Həmçinin paytaxtın Nizami rayonunda da təbii qaz xətləri yenilənir. Rayonun Azər Manafov və Tofiq Abbasov küçələrində yeni qaz kəmərləri çəkilir.

Binəqədi rayonunun Xocasən qəsəbəsində, eləcə də rayonun 6-cı mikrorayonun Zeytun bağları ərazisində, Biləcəri qəsəbəsində, Dəmiryolu stansiyasında, Rəsulzadə qəsəbəsinin İ.Hacıyev, A.Nemətulla, Hacıbababəyov və A.Hüseynov küçələrində, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində, Rəsulzadə qəsəbəsində qaz təsərrüfatı yenilənir.

Bundan başqa, Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunur.

Mingəçevir şəhərinin qaz təsərrüfatında isə işlər uğurla icra edilir. Şəhərdə təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir. Regionların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Mingəçevir şəhəri Kür çayının sahilində yerləşən kollektordan şəhər istiqamətində orta təzyiqli yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsi polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb.

Qaz sayğaclarına profilaktik baxış keçirilir

“Azəriqaz” il-ildən abonentlərini daha da məmnun etmək məqsədilə müxtəlif texniki tədbirlər reallaşdırır. Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmətin keçirilməsidir. Belə ki, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədilə fevralın 1-dən “Azəriqaz” tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilir. Məhz bu da abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradır.

“ASAN xidmət” vasitəsilə keçən ay “Azəriqaz”a 29 minədək müraciət daxil olub

“Azəriqaz” yanvarda Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Ay ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 28 min 759 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

“Azəriqaz”, həmçinin regionlarda, eləcə də paytaxtın müxtəlif rayonlarında abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərir.

Azərbaycanda istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının yaxşılaşdırılması ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması bundan sonra da davam etdiriləcək. Paytaxt, həmçinin şəhərətrafı kənd və qəsəbələrdə daşıyıcı qaz kəmərlərinin, mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması istiqamətdə davamlı işlər icra olunacaq.