Bu gün SOCAR-ın müəssisə və təşkilatlarında çalışan işçilərin əməyinin mühafizəsi, peşə xəstəliklərinin qarşısının alınması, sanitariya-gigiyenik sağlamlığının qorunması, yoluxucu xəstəliklərin profilaktikası və əksepidemik tədbirlərin keyfiyyətlə həyata keçirilməsi Şirkətin Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qarşısında duran prioritet vəzifələr sırasındadır.
Aparılan təhlillər, açıqlanan hesabatlar onu deməyə əsas verir ki, Mərkəz üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Bəhlul İsmayılovun sözlərinə görə, ötən il görülən işlər müsbət nəticələrin əldə edilməsinə səbəb olub, bu il üçün yeni hədəflər müəyyənləşdirilib: “SOCAR-ın müəssisələrində yerləşən ehtiyat içməli su çənlərinin və çənlərdəki suyun keyfiyyətinin qiymətləndirilməsi məqsədilə ehtiyat içməli su çənlərinin dislokasiyası toplanıb, çənlərin sanitariya-gigiyenik müayinə planı hazırlanıb və əməkdaşlarımız tərəfindən baxış keçirilib, sanitar-gigiyenik və sanitar texniki vəziyyət yoxlanılıb, müayinə aktı tərtib edilib. Aparılmış sağlamlaşdırıcı tədbirlərdən sonra hər bir çəndə yerindəcə ekspress metodla xlor qalığı və pH təyin olunub, ilkin laborator göstəricilərin qənaətbəxş nəticəsinə əsasən çənin suyundan istifadəyə icazə verilib. Eyni zamanda, təkrar bakterioloji göstəricilər də gigiyenik cəhətdən normativlərə cavab verib.”
Hesabat dövründə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları”, “28 May”, “Abşeronneft” NQÇİ-lərdə və özüllərdə fəaliyyət göstərən su şirinləşdirici qurğular sayılan su təmizləyici qurğular, bioloji təmizləyici qurğular yoxlanılıb, laborator nümunələr götürülüb və nəticələrlə bağlı məlumat verilib. Cari ildə mərkəzləşmiş su xətti olmayan sahələrə su daşıyan maşınlara sanitariya-gigiyenik baxış keçirilib, su analizləri götürülüb, sürücülərin tibbi müayinə vəziyyəti yoxlanılıb, sanitariya-gigiyenik minimum keçirilərək 38 su maşınına sanitariya pasportu verilib.
B.İsmayılovun sözlərinə görə, SOCAR-ın müəssisə və təşkilatlarında aparılan tibbi müayinələrin qısa təhlili onu deməyə əsas verir ki, il ərzində tibbi müayinələr zamanı peşə xəstəliyinə şübhəli xəstə aşkar olunmayıb. Bu gün işcilər arasında vərəm və digər yoluxucu xəstəliklərin araşdırılması, əksepidemik tədbirlərin aparılmasını GEM-in Epidemioloji şöbəsi həyata keçirir. Ötən il GEM-in Dezinfeksiya şöbəsinin gördüyü işləri də müsbət qiymətləndirmək olar.
Yoluxucu xəstəliklərin əmələ gəlməsi və yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ildə 24 təşkilatda sanitar-gigiyenik və əksepidemik tədbirlər aparılıb. 2018-ci ildə SOCAR-ın 22 təşkilatı ilə Ekologiya İdarəsi arasında “Xidmət” müqaviləsi bağlanılıb, “Neftçi” İdman Klubu İctimai Birliyi ilə “Ödənişli xidmət” müqaviləsi bağlanılıb. Ekologiya İdarəsinin müəssisələrində isə xidməti yazı əsasında deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılıb, ehtiyat su çənləri dezinfeksiya edilib, işçi personalın sürünənlərdən mühafizəsi tədbirləri aparılıb.
Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri qeyd edib ki, 2018-ci ildə əməkdaşlarımız respublikanın bir çox bölgələrində ezamiyyətdə olublar: “SOCAR-ın bölgələrdə yerləşən müəssisə və təşkilatlarında profilaktik dezinfeksiya tədbirləri aparılıb, işçi personalın sürünənlərdən mühafizəsi tədbirləri yerinə yetirilib. Həmçinin əməkdaşlarımız dənizdə yerləşən sahələrə göndərilib, lazımi profilaktik dezinfeksiya işləri aparılıb, ehtiyat içməli su çənləri dezinfeksiya edilib. Bu işlərin aparılmasında müasir və yüksək keyfiyyətli dərman preparatlarından və avadanlıqlardan istifadə edilib. İşlərin aparılması zamanı şəxsi gigiyena və təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub, işçilər fərdi müdafiə vasitələri, sabun və südlə təmin edilib.”
Qeyd edək ki, hər həftə işçilərə həkimlər və təlimatçılar tərəfindən işlərin təhlükəsiz aparılması, fərdi müdafiə vasitələrindən düzgün istifadə qaydaları, kimyəvi maddələrin hazırlanması, istifadəsi, aparatlardan düzgün istifadə etmək haqqında təlimat keçirilib. Rübdə bir dəfə vaxtaşırı təlimat, ezamiyyətə gedənlərə isə növbədənkənar təlimatlar keçirilib. Bununla yanaşı, yay aylarında TTSİ-nin Kadr Hazırlığının Təşkili Mərkəzinin təşkil etdiyi kursda SOCAR-ın müəssisə və təşkilatlarından dəvət olunmuş işçilərə ilanlar və zəhərli həşəratlar haqqında dərs keçirilib. İstehsalat sahələrində çalışan işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlar tərəfindən müasir və yüksək keyfiyyətli dərman preparatlarından istifadə edərək ərazidən ilanları uzaqlaşdırmaq üçün istehsalat sahələrində dərmanlama işləri aparılıb. İlan çox rast gəlinən müəssisələrdə əməkdaşlar tərəfindən maarifləndirici tədbirlər keçirilib.
Ötən il 9 milyon kvadratmetrə yaxın sahədə deratizasiya, 6 milyon kvadratmetrə yaxın sahədə dezinseksiya, 200 min kvadratmetrə yaxın sahədə dezinfeksiya işləri aparılıb. Həmçinin 6705 kubmetr həcmdə su çəni dezinfeksiya edilib, 120 min p/m sahədə işçi personalın ilanlardan mühafizəsi tədbirləri yerinə yetirilib.
Şübhəsiz ki, 2019-cu ilin yekun hesabatındakı rəqəmlər ötən illə müqayisədə daha yüksək olacaq. Çünki bu gün Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları qarşıda duran vəzifələri uğurla icra etmək üçün var qüvvələri ilə çalışırlar. Təbii ki, çəkilən zəhmət isə hər zaman öz bəhrəsini verir.
Zamin Məmmədov, “İki sahil”