01 mart 2019 19:45
1923

Etilen-polietilen zavodunda mülki müdafiə təlimi

1 mart – Ümumdünya Mülki Müdafiə günü münasibətilə SOCAR-ın «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun ərazisindəki meydançada «Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir» mövzusunda obyekt mülki müdafiə təlimi keçirilib.

«Azərikimya» İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti idarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, «Etalon Security» MMC-nin mühafizəçilərinin, «Kimyaçı» poliklinikası və Təcili Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadasının, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt şəhər DYMİ-nin 24 saylı Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələrinin iştirak etdikləri və müxtəlif təyinatlı maşın və mexanizmlərinin də cəlb edildiyi tədbirdə öncə mülki müdafiə qüvvələrinin düzülüşünə, sonra isə onların əmlak və avadanlıqlarının vəziyyətinə baxış keçirilib.

Baxış zamanı tədbirə cəlb olunmuş mülki müdafiə qüvvələrinin şəxsi heyətinin müsahibə və sual-cavab yolu ilə mülki müdafiə sisteminin əhəmiyyəti, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılıb. 

Tədbirdə, həmçinin əhalinin mühafizəsi və fəlakətlərə qarşı mübarizə sahəsində mülki müdafiənin rolu, fövqəladə hallarda işçilər tərəfindən davranış qaydalarına düzgün əməl edilməsinin və təhlükəsizliyin təmin olunmasında onların hər birinin məsuliyyətinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Orxan Vahidoğlu, «İki sahil»