01 mart 2019 19:51
1763

“Azəriqaz”da Mülki Müdafiə Günü qeyd olunub

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) Bakı Regional Qazın Satışı Departementi və Layihə Konstruktor Bürosunda 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.

İB-dən bildirilib ki, “Həyəcan siqnalı”nın verilməsi ilə başlayan tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib.

Birliyin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zehin Rəsulov deyib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarsında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir.

Mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açaraq “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzuzusunda mühazirə oxuyub.

Tədbirdə Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi Nizami Abışov müvafiq mövzuda çıxış etdikdən sonra,mövzuya uyğun maarifləndirici video materiallar nümayiş olunub. Adıçəkilən departamentin inzibatı binasının birinci mərtəbəsinin foyesində fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilib. Təxliyyə zamanı işçilərdən zədə və xəsarət alan olmayıb.