İyunun 5-də Dünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) təşəbbüsü ilə Sumqayıt şəhərindəki Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə güləkmə aksiyası keçirilib.
Tədbirdə “Azərikimya” İB-nin baş ofisinin, Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin və şəhər Gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Aksiya zamanı çıxış edənlər qeyd ediblər ki, elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı hələ XX əsrin ortalarında ətraf mühitə öz mənfi təsirini göstərməyə başlamışdı. Bu problemin ciddiliyi nəzərə alınaraq 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib.
Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi respublikamızda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan, məktəblilərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi daşıyan belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir və böyük əhəmiyyət kəsb edir.
Böyük ruh yüksəkliyi ilə keçirilən aksiyada məktəbin xüsusi olaraq bu məqsəd üçün ayrılan ərazilərində 1200 ədəd müxtəlif növ gül və bəzək kolları əkilib.
Orxan Vahidoğlu, “İki sahil”