SOCAR prezidenti Rövnəq Abdullayevin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə neftçi qadınlara təbriki
Əziz neftçi xanımlar!
Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.
Azərbaycan qadını əsrlər boyu qəhrəmanlıq, qayğıkeşlik, şəfqət rəmzi kimi tanınmış,milli adət və ənənələrimizin qorunaraq nəsildən-nəslə ötürülməsində böyük rol oynamışdır. O, həm Vətənimizə layiqli övladlar verən mərd və fədakar bir ana, həm də ictimai həyatımızın bütün sahələrində kişilərlə eyni hüquqlar və vəzifələr daşıyan, onlarla çiyin-çiyinə çalışan məsuliyyətli bir vətəndaşdır.
Qadınlarımız bilik və bacarıqları, yüksək intellektləri və fədakar əməkləri ilə iqtisadiyyatımızın aparıcı qüvvəsi olan neft-qaz sənayesinin inkişafına da əvəzolunmaz töhfələr verir, Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi üçün yorulmadan çalışırlar. Əminəm ki, Azərbaycanın neftçi qadınları ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyasının həyata keçirilməsi, müstəqil ölkəmizin iqtisadi qüdrətinin durmadan möhkəmlənməsi, xalqımızın rifah halının daha da yüksəldilməsi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər.
Əziz neftçi xanımlar!
Sizi bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza firavan həyat və ailə xoşbəxtliyi arzulayıram.
Hörmətlə,
Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti