07 mart 2019 19:06
1290

“Azərikimya”da “Breyn-rinq” bilik yarışı

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) akt zalında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş qadınlardan ibarət komandalar arasında “Breyn-rinq” bilik yarışı keçirilib.

Tədbirdə “Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə çıxış edərək, yarış iştirakçılarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı  münasibətilə təbrik edib, komandaların üzvlərinə qələbə sevinci arzulayıb.

Sonra “Azərikimya” İB-nin təşkilatçılığı ilə Birliyin struktur bölmələrinin də təmsil olunduğu, Sumqayıt Dövlət və Bakı Mühəndislər Universitetinin, Bakı Ali Neft Məktəbinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR-ın Ekologiya İdarəsinin, “SOCAR Polymer” MMC-nin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzinin, YAP Sumqayıt şəhər təşkilatının, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin,  S.Vurğun adına Sumqayıt şəhər mərkəzi kitabxananın, şəhər təhsil şöbəsinin, Bakı şəhər 179 saylı tam orta məktəbin, Sumqayıt Dövlət Texniki Kollecinin,  “Asan xidmət” Mərkəzinin, Sumqayıt şəhər Gənclər Evinin komandaları da daxil olmaqla, 20 komandanın dəvət aldığı yarışlara start verilib. 

İştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Breyn-rinq” yarışları üzrə mütəxəssislərin idarəçiliyi ilə keçirilən və iki mərhələdən ibarət olmaqla  dörd  saata qədər davam edən bilik yarışında yüksək bilik səviyyəsi ilə seçilən “Azərikimya” İB-nin komandası birinci, Bakı Ali Neft Məktəbinin və Sumqayıt Şəhər Təhsil Şöbəsinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

“Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən qalib komandalar fəxri diplomlar və pul mükafatları ilə təltif olunublar. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və FHN Sumqayıt Regional Mərkəzinin komandaları yarışlarda fəal iştirak etdiklərinə görə mükafatlandırılıblar.

Orxan Vahidoğlu, “İki sahil”