“Azəriqaz” İstehsalat Birliyi bir neçə rayonda səyyar formada xidmət göstərəcək.
Birlikdən bildirilib ki, martın 28-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən aprelin 11-dək Göygöldə, 28 mart-16 aprel tarixlərində Neftçala, Zərdab, Mehdiabadda, martın 28-dən aprelin 26-dək isə Balakən, Ağcabədi, İsmayıllı, Qusar, Astara və Salyan rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək. Xüsusi tərtibatla hazırlanmış “Səyyar ASAN” avtobuslar və qatar vasitəsilə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin olunacaq.
İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi də daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.