12 mart 2020 10:32
1153

12 mart - Daxili Qoşunların yaranması günüdür

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür.

Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparıb və aparmaqdadır. Qürur hissi ilə deyə bilərik ki, bu gün Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Daxili Qoşunların peşə hazırlığının yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsidir.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Ulu öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olub.

Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib.

2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir.

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirakı da buna bariz nümunədir.

Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir.

Hərbi hissələrdə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.

Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb. Son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Ümumiyyətlə, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir. Ölkəmizə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunlar cəbhə xəttində şərəfli döyüş yolu keçib, bu yolda yüzlərlə şəhid verib. Qüdrətli Azərbaycan Ordusu ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazırdır və döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayır.

Ali Baş Komandan ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərir. Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri var. Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edir. Daxili Qoşunlar bu gün yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik quruma çevrilib.

Bir sözlə, görülmüş işlər dövlətimizin başçısı tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərilərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.

Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.

Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak ediblər. Belə ki, Bakıda keçirilmiş “Eurovision 2012” mahnı müsabiqəsinin, “Bakı 2015” I Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının və digər mötəbər yarışlar zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunması Daxili Qoşunların yüksək peşəkarlığının göstəricisidir. Bu sahədə əldə olunan zəngin təcrübə və mövcud potensial Bakının ev sahibliyi etməyə hazırlaşdığı UEFA Avropa Liqasının final matçının, eləcə də bu il ölkəmizdə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları zamanı da ictimai asayişin mühafizəsinin və ictimai təhlükəsizliyin qorunmasının ən yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.

Bütün bunlar göstərir ki, bu gün Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunması ilə yanaşı, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüşməyə daim hazırdır, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edir. //AZƏRTAC