Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdə aktiv iştirak edən SOCAR talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. Şirkət bu humanist aksiyaların reallaşdırılmasında əsas təşkilatçılardan olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əlaqələr yaradıb. Bu il hazırlanmış qrafikə uyğun olaraq Şirkətin bütün idarə və müəssisələrində çalışan əməkdaşların kampaniyada könüllü iştirakı planlaşdırılır.
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına, H.Z.Tağıyev adına NQÇİ-lərdə, Maddi-Texniki Təchizat İdarəsində (MTTİ), eləcə də Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində talassemiyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyaları keçirilib.
N.Nərimanov adına NQÇİ-də start götürən aksiyada da xüsusi fəallıq müşahidə edilib. İdarənin ümumi işlər üzrə rəis müavini Abbas Əkbərovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı’” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda fəal iştirak edən SOCAR-ın idarə və müəssisələri talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. Bildirilib ki, nəinki neftçilər, cəmiyyətin bütün təbəqələri bu xeyirxah aksiyada fəal iştirak etməlidirlər.
Qeyd edək ki, talassemiya insanların qarşılaşdığı ən ciddi problemlərdən biridir. Tibbi araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda da talassemiya daşıyıcıları var və bu da xəstə uşaqların doğulması ilə nəticələnir. Bu gün dünyanın bir çox dövlətində talassemiyalı uşaqlar cəmiyyətin tam hüquqlu üzvləridir. Onlar orta və ali təhsil alır, işləyir, idmanla məşğul olur, öz şəxsi həyatlarını qurur və hətta nümunəvi valideyn ola bilirlər. Yalnız öz qanını əsirgəməyən mərhəmətli insanların sayəsində talassemiyalı uşaqlar digər sağlam uşaqlar kimi gələcəyə inamla baxırlar.
Zamin Məmmədov, “İki sahil”