İraqın Neft Nazirliyi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Crescent Petroleum” şirkəti ilə İraqın şərq və cənub sərhədlərində üç neft və qaz blokunun işlənməsi ilə bağlı ilkin müqavilələr imzalayıb.
İlkin müqavilələr son imzalanma mərasiminə qədər təsdiq üçün ölkənin nazirlər kabinetinə təqdim ediləcək.
İraqın neft naziri Cabbar Luaibi İraqın neft və qaz ehtiyatının artırılması məqsədilə ölkənin sərhədlərindəki neft yataqlarının istismarı ilə bağlı yeni mərhələnin başladığını açıqlayıb. O bildirib ki, bu müqavilələr illərlə diqqətdən kənar qalmış həmin blokların işlənməsinə səbəb olacaq.
“Crescent Petroleum” şirkətinin kəşfiyyat və hasilat üzrə icraçı direktoru Abdulla əl Qadi isə bloklarda hasilatın son müqavilənin imzalanacağı tarixdən üç il sonra başlanacağını və şirkətlərinin təkcə qaz hasilatına deyil, həmçinin xam neft hasilatına da sərmayə ayıracağını açıqlayıb.
Qeyd edək ki, İraq gündəlik xam neft hasilatını 4,35 milyon bareldən 5 milyon barelə yüksəltmək niyyətindədir.
İraqın iqtisadiyyatı tamamilə neftdən asılıdır və gəlirlərinin 90 %-i neftdən əldə edilir.
2017-ci illin əvvəllərində aparılmış hesablamalara görə, İraqın təsdiq olunmuş neft rezervləri 153 milyard barel təşkil edir.