SOCAR Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulub. Dövlət Neft Şirkəti bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub.
Bugünlərdə “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına və “Abşeronneft” NQÇİ-lərdə qanvermə aksiyası keçirilib. Humanist kampaniyada Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev başda olmaqla idarənin rəhbər şəxsləri, əmək kollektivi qan verərək talassemiyadan əziyyət çəkən uşaqlara öz yardımlarını göstəriblər. Bildirilib ki, nəinki neftçilər, cəmiyyətin bütün təbəqələri bu xeyirxah aksiyada fəal iştirak etməlidirlər.
“Abşeronneft” NQÇİ-nin bir çox əməkdaşı da aksiyada fəal iştirak edib. NQÇİ-nin rəis müavini Ələddin Mürsəlov qeyd edib ki, artıq ənənə halını alan bu humanist kampaniyada iştirak edən neftçilər hər zaman fəallıq nümayiş etdirirlər. Talassemiyadan əziyyət çəkən uşaqlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur.
Qeyd edilib ki, talassemiya insanların qarşılaşdığı ən ciddi problemlərdən biridir. Tibbi araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda da talassemiya daşıyıcıları var və bu da xəstə uşaqların doğulması ilə nəticələnir. Bu gün dünyanın bir çox dövlətində talassemiyalı uşaqlar cəmiyyətin tamhüquqlu üzvləridir.
Zamin Məmmədov, “İki sahil”