16 aprel 2019 15:35
1214

I rübdə qaz hasilatı 25 faizdən çox artıb

2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlər ilə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artaraq, 9,1 milyard kubmetr, neft hasilatı 0,15 faiz artaraq, 9,7 milyon ton təşkil edib. SOCAR üzrə isə  1,85 milyon ton neft, 1,56 milyard kubmetr qaz hasil olunub. 

“İki sahil” SOCAR-a istinadən bildirir ki, qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir: “Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 milyon (illik 900 milyon) kub metr qaz , 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edillib”. 

Layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilib, qazma üzrə podratçı “SOCAR AQŞ” MMC olub. Digər podratçılar, o cümlədən “Baker Hughes GE Company”, “Cameron”, “Sumitomo”, “Azeri MI”, “Weatherford”, “Schlumberger”, “Interwell”, “Azorel”, AXDG, CMS, “Azlab” MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 405 min metrdən artıq qazma işləri həyata keçirilib. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR geoloqlarının ən böyük kəşfidir. Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək, quyunu 6800 metrdən artıq, Şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Potensial hasilatı ildə təqribən 900 milyon kubmetr həcmində qiymətləndirilən bu məhsuldar quyunun istismara verilməsi münasibəti ilə “Ümid-Babək” Əməliyyat Şirkətimizin kollektivini, bütün Azərbaycan neftçilərini və əziz xalqımızı ürəkdən təbrik edirəm.”