17 aprel 2019 10:12
2660

Test suallarının açıqlanması vətəndaşların xeyrinə, dələduzluğun əleyhinədir

Əksər vətəndaşlarımızın bildiyi kimi, SOCAR-da işə qəbul prosesinin bütün mərhələləri qanunvericilik, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq təməl prinsipləri ilə aparılır. 2011-ci ildən etibarən müxtəlif kateqoriyalı vakansiyalara işə qəbulla bağlı keçirilən müsabiqələrə çoxsaylı müraciət edənlərin sayının getdikcə artmasının əsas səbəblərindən biri beynəlxalq əlaqələri və potensial resursları günü-gündən inkişaf edən SOCAR-ın işgüzar nüfuzudursa, digər səbəb isə Şirkətimizdə işə qəbul müsabiqələrində, karyera yüksəlişlərində, təlimlərin təşkilində və işçilərin motivasiyasında qeyd olunan təməl prinsiplər gözlənilməklə sözügedən proseslərin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsidir. Bu baxımdan təsadüfi deyildir ki, SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin fəaliyyətə başladığı 2011-ci ildən bu zamana qədər elana verilmiş 7825 vakansiya üzrə elektron qaydada müraciət edən namizədlərin sayı 434513 nəfər  olmuşdur ki, bunlardan uyğun gələn 95890 nəfər test imtahanlarında, 10677 nəfər peşə sınaq imtahanlarında, 15197 nəfər müsahibələrdə iştirak etmişdir. Müsabiqələri müvəffəqiyyətlə keçənlərdən 1189 nəfəri kadr ehtiyat bazasından olmaqla ümumilikdə 7701 nəfər vətəndaş SOCAR-ın müxtəlif struktur bölmələrində işə qəbul edilmişdir. Bunlarla yanaşı, Şirkət əməkdaşlarının maddi və qeyri-maddi motivasiyası daim diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq həyata keçirilən maddi motivasiya tədbirləri çərçivəsində SOCAR əməkdaşlarından 4584 nəfərə peşəkarlığa görə əlavə ödəniş müəyyənləşdirilmiş, 1275 nəfər rəhbər vəzifələrə təyin olunmuş, 8409 nəfərin isə ixtisas dərəcəsi artırılmışdır. Yüzlərlə əməkdaş müxtəlif istiqamətli təlim və treninqlərə cəlb edilməklə yanaşı, əmək funksiyaların icrasının səylə yerinə yetirməkdə fərqlənən işçilər fəxri adlar, döş nişanları, orden və medallarla təltif edilmişlər.

Qeyd edilənlərlə yanaşı, təəssüflə qeyd etməliyəm ki, vətəndaşlarımız tərəfindən dələduzluqla aldadılmaları ilə bağlı hüquq mühafizə orqanlarına edilmiş və müvafiq qaydada SOCAR-a göndərilmiş, həmçinin də rəsmi, yaxud da qeyri-rəsmi şəkildə birbaşa Şirkətə daxil olmuş müraciətlər və tərəfimizdən aşkar edilən neqativ hallar hələ də bu istiqamətdə kifayət qədər görülməli işlərin olmasına əsas verir. Vətəndaşların iş dəllallarının toruna düşməməsi və işə qəbul mərhələsində qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün SOCAR-da mütəmadi olaraq önləyici və zərurət yarandıqda düzəldici tədbirlər həyata keçirilir. Müsabiqənin müxtəlif mərhələlərində audio və video nəzarət sisteminin təkmilləşdirilməsi, test imtahan mərhələsində müsabiqəyə çıxarılan vakansiyalar üzrə imtahanlarda təqdim edilən sualların mərhələlərlə SOCAR-ın rəsmi veb səhifəsində yerləşdirilməsi və aşkar edilmiş neqativ hallarla bağlı həyata keçirilən tədbirlər bu qəbildəndir. Bu kimi addımlar müvafiq olaraq test və müsahibələrin gedişinin daha yaxşı izlənməsinə, neqativ hallar baş verdikdə onun daha obyektiv və operativ araşdırılmasına xidmət edəcəkdir. Eyni zamanda, müsabiqə heyətinin və namizədlərin də məsuliyyətini artırmaqla yanaşı, vətəndaşların test suallarını əldə etmək üçün müxtəlif üsullara əl atmalarının qarşısını almaqla onların iş dəllallarının tələsinə düşməkdan müəyyən qədər qorumaqla bərabər, test imtahanlarına daha hazırlıqlı olmalarına imkan yaradacaqdır.  Məlumat üçün bildirirəm ki, qeyd olunan prosesə ilk olaraq atıcı (mühafizəçi) vakansiyasının test tapşırıqlarının suallarının SOCAR-ın rəsmi veb səhifəsində yerləşdirilməsi ilə başlanılır. Tədricən SOCAR-da elan olunan bütün vakansiyalar üzrə test tapşırıqlarının sualları rəsmi veb səhifədə yerləşdiriləcək və mövcud test tapşırıqları mütəmadi olaraq yenilənəcəkdir.

Vakansiyalar üzrə test suallarının nümunələrinə baxmaq üçün aşağıdakı ardıcıllıqdan istifadə etmək lazımdır:. http://socar.az açılan veb səhifədən KARYERA bölməsinə daxil olmaq, sol tərəfdə yerləşən paneldən “TESTLƏŞDİRMƏ” altbölümünə daxil olaraq “Test tapşırıqlarının nümunələri və mövzuları” hissəsindən “FƏHLƏ KATEQORİYASI” bölümünə daxil olmaqla “Atıcı (Mühafizəçi)” sözünü seçmək lazımdır.

http://socar.az/socar/az/careers/assesment/test-samples

Asif BƏKİRLİ,

SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi