Çinin ofşor resurs istismarı texnologiyası “Kəmər və Yol” layihəsinə qoşulmuş ölkələrə yeni töhfə verə bilər. Şərqi Çinin Şandonq əyalətindəki çoxfunksiyalı platformanın işə salınması ilə bağlı öz rəylərini bildirən çinli ekspertlər belə hesab edirlər.
300 metr uzunluğu və 74 metr eni olan “P 67” platforması gündəlik 150 min barel xam neft emal etmək gücünə malikdir.
“globaltimes.cn” saytı xəbər verir ki, altı ilə tikilmiş bu platforma dünyanın ən böyük neft hasilatı və emalı platformalarından biridir.
“Texnologiya inkişaf etdikcə ofşor resursların istismarı asanlaşır və daha az xərc tələb edir”,- deyə Çinin Enerji İqtisadiyyatı Mərkəzinin rəhbəri Lin Boqianq bildirib.
Qeyd edək ki, “P67” Çinin ilk müstəqil inteqrasiya etmiş üzən hasilat, saxlama və boşaltma platformasıdır. Bu o deməkdir ki, platforma hasilat komandası sistemi vasitəsilə ofşor neftin və təbii qazın ilkin emal, saxlama və daşınmasını həyata keçirməyə qadirdir.