20 may 2019 11:02
945

Dünyada bənzəri olmayan muzey

Dağlar diyarı Lerik rayonu  həmişə özünün  əsrlərin yaddaş kitabı olan  yaşı yüzü  keçmiş  insanları  ilə dünyanı heyrətə salıb.  Məhz buna görə də burada   1991-ci ildə “ Uzunömürlülər” muzeyi yaradılıbdır.  Sonralar  muzey  üçün  müasir memarlıq  elementlərindən  istifadə etməklə  yeni bina inşa olundu və 2010-cu ildə  dünyada nadir olan “Uzunömürlülər” muzeyi üçün yeni tikilmiş  bu binanın açılışını da Prezident İlham Əliyev etdi.

Muzeyin  arxitekturasından, orijinal  strukturundan  tutmuş eksponatların  düzülüşünəcən  hər şey məxsusidir. Bina iki salondan ibarətdir,  buradakı 1320  eksponata nəsildən-nəslə çatdırılmaq üçün ən qiymətli  sənəd kimi qorunub saxlanır. Eksponatlarda  yaşı yüzdən yuxarı  50-dən  çox  lerikli haqqında  maraqlı məlumatlar, fotoşəkillər  yer alıb. Adları  “Ginnesin rekordlar  kitabı”na  düşən  168 il ömür sürmüş Şirəli Müslümov, 150 il yaşamış Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı  Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva  haqqındakı   bölmə daha zəngin və rəngarəngdir. Bölmədə  adlarını çəkdiyim  uzunömürlülər barədə  saxlanılan  etnoqrafik  materiallar, həmin vaxtlar kənd təsərrüfatında  işlədilən alətlər, onların yaşadıqları dövrə aid məişət ləvazimatları, istifadə etdikləri geyimlər, bəzi şəxsi əşyaları, eləcə də əl işləri   muzeyə gələnlərə  sanki uzun ömür yaşamağın  yolunu göstərir.

“Lerikli Milli Qəhrəmanlar” guşəsi  yeni yaradılıb. Guşədə  Qarabağ torpaqlarının, Vətənin azadlığı uğrunda canından keçən  Lerikin igid oğulları haqqında geniş məlumat toplanıb.

Muzeyin qonaqları həmişə  olur. Vətəninin, xalqının  milli adət-ənənələrini, yurdunun keçmişini öyrənməkdən ötrü  gənclər buraya böyük həvəslə üz tuturlar.   Yerli sakinlərdən başqa  muzeyə doğma Azərbaycanımızın müxtəlif yerlərindən, həm də xarici ölkələrdən-  Hollandiya, Almaniya, Fransa, Rusiya, Koreya, Macarıstan və Böyük Britaniyadan  qonaqlar da maraqla təşrif gətirirlər. Hətta xarici qonaqlardan ailəvi gələnlər daha çox olur. 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü