27 may 2019 19:14
945

Aleksandr Səmədov: Azərbaycana həmişə hörmətlə yanaşmışam

Samaranın “Krılya Sovetov” komandasının yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycana hörmətcil münasibətindən danışaraq atasının vətəninə daha tez-tez səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Futbolçu “Paxlava production” layihəsinə verdiyi eksklüziv müsahibəsində bu barədə fikirlərini bölüşüb. O deyib: “Azərbaycan, ilk növbədə, mənim üçün atamın vətənidir. Deməli, mənim də bu ölkəyə bilavasitə aidiyyətim var. Mən Azərbaycana həmişə hörmətlə yanaşmışam. Əfsuslar olsun ki, mən orada cəmi iki dəfə olmuşam. Ümidvaram ki, gələcəkdə tez-tez orada olacağam. Mənim söyköküm oradadır”.

A.Səmədov, həmçinin əlavə edib: “Mən Azərbaycan mətbəxini çox sevirəm. “Cız-bız” – çox dadlı yeməkdir. Mən onu həmişə yeyirəm”.

“Paxlava production” – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbələri tərəfindən yaradılmış layihədir. Bu layihə çərçivəsində tələbələr tanınmış azərbaycanlılardan və ya vaxtilə Azərbaycanda yaşamış, hazırda Rusiyada yaşayan insanlardan müsahibə götürürlər.

Layihənin növbəti qonağı azərbaycanəsilli rusiyalı futbolçu, Samaranın “Krılya Sovetov” komandasının yarımmüdafiəçisi, Rusiya futbol yığmasının sabiq oyunçusu, Rusiyanın Əməkdar idman ustası Aleksandr Səmədovdur.