"İndi biz, demək olar, bütün qitələrdə əməliyyatlar keçiririk. Ötən il 40 ölkənin 100-dən çox məntəqəsində müxtəlif kommersiya əməliyyatları həyata keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş qlobal ticarət və infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir".
"İki sahil" xəbər verir ki, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR-ın prezidenti vurğulayıb ki, həmin şəbəkəyə müxtəlif ölkələrdə neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları kimi logistik imkanlar daxildir: "Eyni zamanda ticarət əməliyyatlarımızın təxminən 80 faizi üçüncü tərəflərin məhsulları ilə həyata keçirilir. Biznes portfelimizi davamlı olaraq diversifikasiya etməklə, beynəlxalq bazarlarda payımızı durmadan artırmaq xətti götürmüşük və mütəmadi olaraq bu xətt üzrə məqsədyönlü tədbirlər görürük".