11 iyun 2019 10:39
467

Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib

Moskvadakı Rusiya Federasiyası  Silahlı Qüvıələrinin Mərkəzi Muzeyində  həmin muzeyin 100 illik yubileyinə həsr edilmiş “Keçmişi yadda saxlayaraq, gələcəyə inanırıq”  mövzusunda  Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi  sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 1918-ci ildən formalaşması və inkişafı” mövzusunda elmi məruzə ilə çıxış edib. Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi və inkişaf mərhələlərindən geniş söhbət açan alim  çar Rusiyasının süqutundan sonra Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi olaraq, 1918-ci il mayın 28-də müsəlman Şərqində  ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ölkəmizdə aparılan ordu quruculuğundan,  1920-ci ildə bolşevik Rusiyası tərəfindən yenidən işğal olunan Azərbaycanda Silahlıl Qüvvələrin durumundan, xüsusilə Böyük Vətən Müharibəsi illərində azərbaycanlıların alman faşizminə qarşı döyüşlərdə göstərdikləri igidliklərdən konkret faktlar əsasında ətraflı danışıb.

Məruzəsində müstəqil Azərbaycan Respublikasında ordu quruculuğu məsələlərindən ətraflı bəhs edən P.Gözəlov bildirib ki, hazırda dünyanın ən güclü 50 ordusu sıralarında yer alan bugünkü Azərbaycan Ordusu müstəqilliyin ilk illərindən başlayaraq Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması uğrunda mübarizənin daim ön cərgələrində olub. Bildirilib ki, xüsusilə  ümummilli lider Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu yüksək səviyyədə formalaşmağa başladı. Hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti nəticəsində Azərbaycan Ordusunun maddi-texniki bazası gündən-günə möhkəmlənir, ordumuzun müasir silahlarla təminatı sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir, hərbi qulluqçular arasında möhkəm döyüş ruhu və yüksək nizam-intizam hökm sürür. Məruzə zamanı konfrans iştirakçılarına mövzuya aid fotoslaydlar nümayiş etdirilib.