2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Söhbət hazırda dünyada mövcud olan 68,8 milyon qaçqından gedir.
Əhali sayına görə qaçqınlar dünyanın 20-ci böyük ölkəsini təşkil edirlər. Rəqəmlərin nə qədər böyük olduğu ortadadır. Bununla yanaşı ümumilikdə rəqəmlərin soyuq reallığı, yaşanan kədərləri, göz yaşlarını, ölümləri, zülümləri, sürgünləri pərdələyir. Halbuki hər bir köç, hər ayrılıq illərlə o torpaqlarda yaşayanlar üçün bir zülm, axır, son, bir fəryaddır. Kim durduq yerdə, əcdadlarının, anasının, atasının, özünün yaşadığı torpaqları tərk edərək, əsrlərdir yaşananları bir tərəfə qoyub, etimadsızlığın, qeyri-müəyyənliyin hökm sürdüyü başqa torpaqlara üz tutmaq istəyər. Hər köç qərarı yaşanılan coğrafiyada keçmişə məxsus hər şeyi və gələcəklə əlaqəli ümidləri bitirərək qəbul edilən ən çətin və ən son qərardır.
Suriya, Əfqanıstan, Cənubi Sudan və Somali ən çox qaçqın verən ölkələr sırasındadır. Daha pisi isə, 2010-cu ildə ən çox qaçqın qəbul edən ölkələrdən biri olan Suriyanın hazırda ən çox qaçqın verən ölkə statusunda olmasıdır. Belə ki, 2011-ci ilin mart ayında Suriyanın cənubunda Deraa şəhərində hökumət əleyhinə etiraz aksiyalarından sonra başlayan vətəndaş müharibəsi nəticəsində milyonlarla Suriya vətəndaşının Avropa, ABŞ, Kanadaya və Türkiyəyə axını gücləndi. 2016-cı ildə BMT humanitar yardıma ehtiyacı olan 13.55 milyon suriyalı qaçqın müəyyənləşdirib. Bunlardan 4.8 milyonu Suriyadan kənarda yaşayan suriyalı qaçqınlardır. Türkiyə Suriya qaçqınlarını ən çox qəbul edən ölkələrdəndir. Buradakı qaçqınların sayı 3 milyon yarımdır. Türkiyə, Suriya qaçqınlarına hələ də daha çox şərait yaradan ölkə sayılır. Belə ki, Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında qaçqın düşərgələrində məskunlaşmış suriyalılara 8.5 mlrd. dollar xərcləndiyini bildirib.
Qaçqın və məcburi köçkün problemi Azərbaycandan da yan keçməyib. 1905, 1918-1920, 1948-1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qaçmağa məcbur olub. 1988-1993-cü illərdə isə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində həm orada, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyondan artıq soydaşlarımız daimi yaşayış yerindən didərgin düşüb. Qaçqın və məcburi köçkün problemi 20 ildən çoxdur ki, Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət qaçqın və məcburi köçkünlərə xüsusi qayğı göstərməyə başladı.
Cənab İlham Əliyevin isə Prezident kimi imzaladığı ilk sərəncamlarından biri məhz 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olub. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Görülən fəaliyyətin nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.
Sonda qeyd edək ki, 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 68 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları qəbul edilib, bununla belə, bəzən həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoyulmur. Bu gün dünyadakı qaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. Beynəlxalq hüquqa zidd olaraq, qaçqınların çoxu öz yurdlarına dönə bilmirlər və ya yarana biləcək çətinliklərdən dolayı, geri qayıtmaq istəmirlər. Beynəlxalq təşkilatlar mövcud problemlərin həlli istiqamətində siyasi iradə göstərə bilsələr, insanların qaçqın və məcburi köçkün olmasına səbəb olan halların aradan qaldırılmasına çalışsalar və buna nail ola bilsələr dünyada qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yol açılar və heç bir insan öz torpağını tərk etmək məcburiyyətində qalmaz.
Sevinc Azadi, “İki sahil”