30 sentyabr 2025 00:13
137

Dövlətçilik tariximizdə dönüş nöqtəsi

Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli 1993-cü il oktyabrın 3-də xalqımızın taleyüklü seçimi ilə qoyuldu. Ümummilli Lider Heydər Əliyevin adı isə xalqın yaddaşında əbədi olaraq xilaskar, qurucu və müdrik dövlət başçısı kimi yaşayacaq

Qüdrətli Azərbaycan dövlətinin təməl daşları 1990-cı illərin əvvəllərində xalqımızın üzləşdiyi ən ağır sınaqlar fonunda qoyuldu. Müstəqilliyin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi təhlükələrlə yadda qaldı. Sovet İttifaqının dağılması ilə Azərbaycan nominal olaraq azad olsa da, reallıqda daxili çəkişmələr, savadsız və məsuliyyətsiz idarəetmə, siyasi ambisiyaların milli maraqlardan üstün tutulması ölkəni uçuruma aparırdı. Xalqın müstəqillik uğrunda verdiyi qurbanların nəticəsini heçə endirən hakimiyyətlərin qeyri-peşəkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, yüz minlərlə soydaşımız məcburi köçkünə çevrildi, dövlətçiliyimizin əsasları sarsıldı, iqtisadiyyat dağılmağa başladı, vətəndaş müharibəsi təhlükəsi isə real xarakter aldı. Belə bir şəraitdə xalqın xilası üçün yeganə ümid ünvanı dahi şəxsiyyət Heydər Əliyev idi. Azərbaycanın müasir tarixində əbədi olaraq “xilaskarlıq missiyası” adlanan bu dönüş həm xalqın iradəsi, həm də Ümummilli Liderin müdrikliyi sayəsində reallaşdı.

1991-1993-cü illər dövlət idarəçiliyi tariximizdə hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkarlıq dövrü kimi yadda qalıb. Ölkəyə rəhbərlik edən şəxslər milli maraqları müdafiə etmək iqtidarında deyildilər. AXC-Müsavat cütlüyü dövlətçilikdən bixəbər, siyasi romantizmin təsiri ilə hakimiyyətə gəlmiş, lakin bir neçə ay ərzində öz səriştəsizlikləri ilə ölkəni xaosa sürükləmişdi. Ordu quruculuğu sahəsində ciddi addımlar atılmır, əksinə, müxtəlif silahlı dəstələr özbaşına fəaliyyət göstərir, bir çox hallarda mərkəzi hakimiyyətə meydan oxuyurdu. Dövlət çevrilişlərinin bir-birini əvəz etdiyi bu dövrdə Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Şuşa və Laçının itirilməsi, ölkənin şimalında və cənubunda separatizm meyillərinin baş qaldırması səriştəsiz idarəetmənin fəsadları idi. Məhz bu səbəbdən xalq xilası üçün başqa ünvan görmür, Azərbaycanı yalnız Heydər Əliyevin xilas edə biləcəyinə inanırdı.

Azərbaycan ziyalılarının Ümummilli Lider Heydər Əliyevə “91-lər” adı ilə tarixə düşən müraciəti də bu həqiqətin təsdiqi idi. Onlar Heydər Əliyevin hakimiyyətə qayıdışını milli dövlətçiliyin qorunması üçün zəruri şərt hesab edirdilər. 1992-ci ildən etibarən xalqın da, siyasi dairələrin də istəyi aydın şəkildə ifadə olunmağa başladı. 1993-cü ilin iyununda ölkədə yaranan dərin siyasi böhran zamanı hakimiyyətin özü də xalqın təkidli çağırışına qoşularaq Heydər Əliyevi Bakıya dəvət etdi. O isə həyatını təhlükə altına ataraq məsuliyyətin yükünü çiyinlərinə götürdü. Gəncədə baş vermiş qiyamın qarşısını almaqla Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bu, sadəcə bir siyasi addım deyildi, həm də dövlətin varlığının qorunması, müstəqilliyin əldən getməsinin qarşısının alınması demək idi.

Xalqın mütləq əksəriyyəti xilaskarını seçməkdə tərəddüd etmədi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xalq böyük səs çoxluğu ilə öz iradəsini ifadə edərək Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçdi. Bu, həm də müstəqil Azərbaycan dövlətinin taleyinin həll olunduğu məqam idi. 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ümummilli Liderin dediyi sözlər isə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” Bu tarixi vəd sonrakı onilliklərdə həyata keçirilən islahatlarda, quruculuq işlərində və ən əsası, Azərbaycanın bugünkü qüdrətli dövlətə çevrilməsində öz təsdiqini tapdı.

Prezident seçildikdən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin qarşısında duran ən mühüm vəzifə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması idi. Dövlətçiliyin qorunması üçün ilk şərt vətəndaş qarşıdurmasına son qoymaq, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək, mərkəzi hakimiyyətin nüfuzunu bərpa etmək idi. Ulu Öndər qısa müddətdə bu sahədə mühüm addımlar ataraq anarxiyanı aradan qaldırdı. Dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Bu sabitlik sonrakı illərdə iqtisadi islahatların, sosial yüksəlişin, siyasi möhkəmlənmənin əsas dayağına çevrildi.

Ulu Öndər dövləti idarəetmə sükanının arxasına keçməsi ərəfəsində İqtisadiyyat dağılmış, dövlət büdcəsi boşalmış, inflyasiya dərinləşmişdi. Belə bir vəziyyətdə xalqın güzəranı günü-gündən ağırlaşırdı. Ulu Öndər Heydər Əliyev iqtisadi sabitliyi təmin etmək üçün qlobal miqyaslı addımlar atdı. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı enerji xəritəsində strateji oyunçuya çevirdi. Bununla da ölkəmizin iqtisadi inkişafına yeni nəfəs verildi, beynəlxalq sərmayə axınına şərait yaradıldı. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan yalnız öz təbii sərvətlərini dünya bazarına çıxarmadı, həm də mühüm nəqliyyat-kommunikasiya qovşağına çevrildi. Bu isə müstəqil dövlətin siyasi-iqtisadi suverenliyinin təmin olunmasının əsas göstəricisi oldu.

Ordu quruculuğu da Ulu Öndərin siyasətində prioritet sahə idi. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün güclü ordunun yaradılması vacib idi. Qısa müddətdə Silahlı Qüvvələrin təşkili və peşəkar hərbi kadrların formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Ümummilli Lider hər zaman bildirirdi ki, müstəqil dövlətin ən böyük dayaqlarından biri məhz güclü ordudur. Bu siyasət sonrakı illərdə möhkəmlənərək Azərbaycan Ordusunun tarixi Qələbə ilə nəticələnən yoluna işıq saldı.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası təkcə 1990-cı illərin siyasi böhranının qarşısını almaqla bitmədi. Onun həyata keçirdiyi islahatlar müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasını təmin etdi. Dövlət idarəçiliyi sisteminin formalaşdırılması, milli Konstitusiyanın qəbul edilməsi, demokratik institutların yaradılması, beynəlxalq münasibətlərdə balanslı və müstəqil siyasətin yürüdülməsi Azərbaycanın bugünkü güclü dövlət statusunun əsasını qoydu.

Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hər zaman qurucu və xilaskar dövlət xadimi kimi yad edəcək. Onun rəhbərliyi ilə atılan addımlar müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın gələcək nəsillər qarşısında üzüağ qalmasına xidmət etdi. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz həmin dövrdə – 1993-cü ilin oktyabrında xalqın  taleyüklü seçimi ilə qoyuldu. Ümummilli Lider Heydər Əliyevin adı isə xalqın yaddaşında əbədi olaraq xilaskar, qurucu və müdrik dövlət başçısı kimi yaşayacaq.

Nigar Orucova, "İki sahil"