Yay qripi (Lejyoner xəstəliyi) nədir?
Zəifləyən bədən müqaviməti, ümumi sahələrdə keçirdiyiniz vaxt, çimərliklər, dəniz, hovuz və yayın olmazsa olmazı kondisionerlər. Hamısı yay qripinin səbəblərindəndir.
Yay qripinin simptomları hansılardır?
İsti havadan xilas yolu kimi görünən kondisionerlər yay aylarında ən böyük xəstəlik səbəbi olaraq qəbul edilir. Bu nöqtədə istənməyən şikayətlərə səbəb olan yay qripi özünü ən çox qızdırma, halsızlıq və yorğunluq, öskürək, bəlğəm, dərin və xırıltılı nəfəsalma, əzələ ağrıları ilə göstərir.
Yay qripi yoluxucudurmu?
Bildiyimiz normal qrip ilə eyni simptomları göstərsə də, onun ortaya çıxmasının səbəbləri fərqlidir. Normal qripdə xəstəliyə səbəb olan orqanizmlər fərqlidir və bu mikroorqanizmlər asanlıqla insandan insana ötürülür. Yay qripi əsasən ventilyasiya və su qurğuları içərisində yaşayan mikroorqanizmlərin insanı xəstəliyə yoluxdurması ilə baş verir. İnsandan insana yoluxması riski olmayan yay qripi bu qurğulardan keçən su hissəciklərini tənəffüs etməklə ötürülür.
Qış qripi dərmanları istifadə edilə bilərmi?
Yay qripinə yoluxma səbəbləri fərqli olduğu üçün normal soyuqdəymə dərmanları müalicə üçün istifadə edilməməlidir. Bu, xəstəliyə təsir etməyəcək, əksinə digər sağlamlıq problemlərinə və yan təsirlərə səbəb ola bilər. Yay aylarında özünüzü yorğun hiss edirsinizsə, əzələ ağrısı, xırıltılı nəfəsalmadan əziyyət çəkirsinizsə, mütləq bir həkimə müraciət etməli və həkim tərəfindən təyin olunan dərmanlardan istifadə etməlisiniz.
Lejyoner xəstəliyinə səbəb olan bakteriyalar əsasən kondisionerlərin filtrlərində yerləşir. Hovuzlar və duş başlıqları da təhlükəli sahələrdir. Bütün bu cihazların gigiyenik olması çox vacibdir.
Yay qripindən necə qoruna bilərik?
* Kondisionerin temperaturu 22-23 dərəcə olmalıdır;
* Ani isti - soyuq hava dəyişikliklərinin qarşısını almaq lazımdır;
* Soyuq hava çıxışı sıxlığı ən aşağı rejimdə olmalıdır,
* Kondisioner yatarkən istifadə edilməməli, əgər istifadə olunarsa da şəxsin birbaşa üzərinə vurulmayacaq formada tənzimlənməlidir;
* Maye itkisinin artdığı isti havalarda ən az 2,5 litr su içilməlidir;
* Hovuz və ya dənizə girdikdən sonra mütləq duş qəbul olunmalıdır;
* Geyim seçimi incə və pambıq materialından olmalıdır;
* Tərli paltar dəyişdirilməlidir;
* Tərli olduqda kondisionerin soyuqluğuna birbaşa məruz qalmayın;
* Ağır və yağlı yeməklərin əvəzinə yüngül qidalar istehlak edilməlidir.
Röya Rasimqızı, “İki sahil”