10 iyul 2019 17:17
1013

SOCAR-da Yaponiyanın “İTOCHU” şirkətinin nümayəndələri ilə görüş keçirilib

İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev İTOCHU Korporasiyasının prezidenti Keita İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibəti ilə təbrik etmiş, İTOCHU ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışmış, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir. 

Səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirən yapon nümayəndə heyətinin rəhbəri, ITOCHU korporasiyasının prezidenti Keita İşi Bakıya ilk dəfə gəldiyini söyləmiş, SOCAR-da olmaqdan məmnunluğunu ifadə etmişdir. İTOCHU-nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləmişlər.

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs etmiş, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirmişdir. 

Xatırladaq ki, Yaponiyanın “İtochu” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.