11 iyul 2019 10:47
1103

Çinin İpək Yolu Fondu Azərbaycanla əməkdaşlıqda maraqlıdır

SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədrini qəbul etmişdir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları salamlayan SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulamışdır. 

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun səmimi qəbul üçün təşəkkürünü bildirmiş, hazırda Fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs etmişdir. Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Yan Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır. Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırmışdır. 

Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırmış, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açmışdır. 

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.