11 iyul 2019 21:10
895

Ermənistanın növbəti məyusluğu

Avropanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi fonunda Ermənistanın növbəti məyusluğu

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri bu günlərdə Ermənistan mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. İşğalçı ölkənin internet resurslarında məlum səfərlə bağlı qısqanclıq və hiddət notlu yazılar yayımlanır.

“Armenianreport” saytının analitiki Razmik Akopcanyanın bununla bağlı yazısında Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının inkişafı haqqında dərin narahatlıq və qəzəblə söz açılıb. Yazıdan da anlaşıldığı kimi, Azərbaycanın davamlı xarici siyasət uğurları, xüsusilə Avropa İttifaqı ilə gündən -günə inkişaf edən münasibətləri işğalçı Ermənistan tərəfini əməlli-başlı məyus edir.

Yazıda Donald Tuskun Azərbaycan Prezidentinə ünvanladığı hər cümlə az qala sözbəsöz təhlil edilib, müəllif qısqanclığını və qəzəbini gizlədə bilməyib : “Avropa İttifaqı Prezidentinin Azərbaycanın dövlət başçısına xüsusi rəğbətinin olduğu hər cümləsində özünü büruzə verir. Belə ki, Donald Tusk Bakıda olmasından hər zaman böyük məmnunluq hissi keçirdiyini deyərək niyyətinin Avropada Azərbaycanla mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarət olduğunu açıqlayıb.

Donald Tusk Azərbaycan Prezidentini çox konstruktiv adlandırıb, onun müsbət rolunu hər zaman yüksək dəyərləndirdiyini deyib. Bu isə o deməkdir ki, Avropada Azərbaycana olan münasibət çox fərqlidir və orada rəsmi Bakının yürütdüyü istənilən siyasi kurs tam şəkildə dəstəklənir...”

Yazıya nəzər saldıqda aydın olur ki, sən demə, işğalçı ölkənin siyasi şərhçisi Avropa İttifaqı Prezidentinin dilindən Ermənistanın saxta demokratik görüntüsü haqqında xoş kəlmələr, dəstək mesajı eşitmək arzusundaymış... Yazar görünür unudub ki, Avropada saxta görüntülər haqqında yox, gerçək mahiyyət haqqında danışmağa vərdiş ediblər. Ermənistanın yeni rəhbərliyi dəvəquşu pozası alaraq guya ölkədə demokratiyanın bərqərar olması haqqında illüziyalara malikdir. Ancaq əlbəttə ki, Avropa bunun Ermənistanın  daxili paranoyasından başqa bir şey olmadığını yaxşı dərk edir.

Avropanın məhz Ermənistanın bu yalanının fərqinə vardığı üçün R. Akopcanyanın Avropanı demokratiyanı satmaqda ittiham etməsi gülünc və absurddur: “Erməni xalqına bu çətin yolda dostlar və dəstəkçilər lazımdır. Onlardan biri Donald Tusk ola bilərdi. Ancaq olmadı... “ Daşnakxislət müəllif görünməmiş həyasızlıqla Donald Tusku “demokratik” Ermənistanı və Azərbaycan torpaqlarında yaradılmış qondarma rejimi nə sözdə, nə də işdə dəstəkləmədiyi üçün ittiham edib.

Erməni müəllif Azərbaycanla Avropa İttifaqının yüksələn xətlə inkişaf edən əməkdaşlıq münasibətlərindən son dərəcə narahat olduğunu və məyusluğunu gizlətməyib: “Bütün bunlar  çox qorxulu və məyusedicidir. Avropa İttifaqı açıq çəkildə Azərbaycanı seçdi və Ermənistana arxa çevirdi...”

Bakıya səfərindən sonra Yerevanda da bir sıra görüşlər keçirən Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk erməniləri orada da məyus edib. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında Aİ rəsmisi Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyini vurğulayaraq erməni tərəfini xəyal qırıqlığına uğradıb.

“Armeniasputnik” saytında da məlum səfərlə bağlı erməni şərhçilər Donald Tuskun bəyanatlarından son dərəcə məyus olduqlarını gizlədə bilməyiblər. Sözügedən saytda vurğulanıb ki, avropalı siyasətçinin Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, lakin nə orada, nə də Yerevanda “millətlərin öz müqəddəratını təyin etməsi” hüququndan söz açmaması Ermənistanda narahatlıq doğurub. Politoloq özünə təsəlli verib ki, Donald Tusk Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa çatdırır , ona görə də onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin əhəmiyyəti yoxdur. Ancaq indi də ümidini Aİ-nin yeni seçiləcək Prezidentinə bağlayan erməni politoloqları unudurlar ki, bu, Donald Tuskun şəxsi mövqeyi deyil, ümumilikdə Avropa İttifaqının Azərbaycanın haqq işinə olan rəsmi münasibəti və ədalətli yanaşmasıdır.

İşğalçılığı və terrorizmi dövlət siyasətinə çevirməsinə rəğmən Avropadan öz psevdodemokratiyasına dəstək uman Ermənistan görünür unudur ki, demokratik və bəşəri dəyərlərə sadiqlik həm də digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan və normal qonşuluq münasibətlərindən keçir. Ermənistan bilməlidir ki, bütün bunlara riayət etməyincə və Azərbaycana qarşı işğala son qoymayınca nəinki Avropadan, ümumiyyətlə, dünyanın heç bir sivil ölkəsindən öz ünvanına hansısa təqdir və dəstəyi görməyəcək...

Sevinc Abdullayeva, “İki sahil”