01 noyabr 2025 23:12
146

"Art Weekend" çərçivəsində "Nəfəs – söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirilib

YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən "Nəfəs – söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı olub.

“İki sahil” xəbər verir ki, tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.

Şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.

Performansın fəlsəfəsindən danışan N. Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Art Weekend" festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam edəcək.